Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yazıçı Oqoltsov Xankəndidəki yeddi aylıq həyatından danışıb

Yazıçı Sergey Oqoltsov Azərbaycan ordusunun azad etdiyi Qarabağda yeddi ay yaşadıqdan sonra Xankəndini tərk edib. O, Xankəndidə ünsiyyətdə olduğu azərbaycanlılarla bağlı xoş təəssüratlarını Yerevanın civilnet.amо mediası ilə bölüşüb. Yazıçı İrəvan studiyasında olarkən verilişin aparıcısının "təhrikedici suallarına" baxmayaraq, Azərbaycan haqda mənfi münasibət bildirməyib.

S.Ogoltsov 37 il əvvəl sovet Ukraynasından Xankəndinə köçüb. İşğal edilmiş Qarabağda ailəsilə birlikdə yaşayıb və 27 sentyabr 2023-cü ildə, Azərbaycan ordusu şəhərə daxil olanda bu şəhərdə yaşamaq arzusunu bildirib. Veriliş zamanı yazıçı qalmaq istəyini yazdığı kitab üzərində işi bitirmək niyyətilə izah edib. Qarabağda hakimiyyət dəyişikliyindən sonra onun üçün "cənnət" yaranıb, Oqoltsovun dediyi kimi, çünki elektrik enerjisi kəsilmirdi və gündə 10 saat kitab üzərində işləyə bilirdi. Son Qarabağ hadisələrinə həsr olunmuş "Vsem v otrıv, ili rekviem po kornevoy sisteme” kitabı müəllif Yerevana köçdükdən sonra İnternetdə yerləşdirilib.

S.Oqoltsov deyib ki, o getdikdən sonra Xankəndidə 14 erməni yaşayır, onların əksəriyyəti sığınacaqda yerləşdirilib və Beynəlxalq Qırmızı Xaçın hesabına lazım olan hər şeylə, o cümlədən pul ilə təmin olunub. Oqoltsov öz evində yaşayıb, amma prezident İ.Əliyev Xankəndinə gələndə hakimiyyətin təkidilə onu müvəqqəti olaraq sığınacağa yerləşdiriblər.

O, aparıcının sualını cavablandırarkən deyib ki, Azərbaycan hakimiyyəti, o cümlədən Qarabağ polisi və Azərbaycanın Miqrasiya Xidməti ilə ünsiyyətinə dair mənfi təəssüratı yoxdur.

25 may 2024-cü ildə Oqoltsov ailəsinə qovuşmaq üçün Yerevana getmək qərarına gəlib. O, Miqrasiya Xidmətinin məmuruna müraciət edib. Əvvəlcə məmur ona bildirib ki, Oqoltsov üçün Azərbaycan pasportu tezliklə hazır olacaq. Lakin yazıçı getmək istədiyini bildirib və bir həftə sonra Miqrasiya Xidməti onu Tbilisi vasitəsilə İrəvana göndərib.

Oqoltsovun sözlərinə görə, Xankəndidə iki minə yaxın azərbaycanlı daimi yaşayır – bunlar polis, inşaat işçiləri, rabitəçilər, məmurlar və hər gün şəhəri süpürən kommunal xidməti işçiləridir. Şəhərdə iki supermarket fəaliyyət göstərir, son günlərdə onlar bir mağazada birləşdirilib. Ermənilər bu supermarketdən ərzaq ala bilər.

Xankəndidə hərbi hissə var, əsgərlər mağazada qarşılaşırlar. İnternetdən istifadə etmək üçün SİM-kart almaq lazımdır, amma bundan ötrü Azərbaycan vətəndaşı olmaq lazımdır, Oqoltsov dəqiqləşdirib.

O hesab edir ki, Azərbaycan Qarabağı turistlər üçün cənnətə çevirəcək, çünki dünyada ikinci belə gözəllik yoxdur.

Ermənilərin Qarabağdan çıxmasının səbəbi barədə aparıcının sualına cavab verən Oqoltsov fikirləşərək deyib ki, "adamları hər zaman sürüyə çevirmək olar".

"Qarabağda adam qalmaması azərbaycanlılar üçün gözlənilməz oldu", - Oqoltsov xatırladıb.