Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Yalnız etnik slavyanlar" - Rusiya tenderləri irqi ayrıseçkilik edir

2024-cü ilin mayında Moskva məhkəməsi "slavyan görünüşlü" namizədlər axtaran bir neçə onlayn iş elanını Rusiyanın əmək və antiekstremizm qanunlarına zidd olduğu üçün qadağan edib. Onların yayılmasını "qanunsuz və cinayət tərkibli" adlandırıb.

Qərar həmən il başqa bir Moskva məhkəməsinin "yalnız slavyanlar üçün" yazılmış iş elanları barədə verdiyi bənzər qərara əsaslanır. Bu, rusiyalı ev sahiblərinin kirayəçilər axtararkən əmlak elanlarında tez-tez qeyd etdiyi bir istisna tələbdir.

Lakin AzadlıqRadiosunun rus xidmətinin araşdırma qrupu "Sistema"nın araşdırmalarına görə, hələ də ictimai tenderlərdə oxşar ayrıseçkilik dilindən istifadə olunur.

"Biz qeyri-slavyan görünüşlü şəxslərə qarşı hücumların getdikcə artdığını görürük", - "Memorial" hüquq qrupunun mütəxəssisi Stefaniya Kulayeva bildirib. "Hökumət özü bu nifrəti rəsmilərin və təhlükəsizlik qüvvələrinin bəyanatları ilə qızışdırır".

"Sistema"nın araşdırmasına görə, mərkəzi Nijni Novqorod vilayətinin Dzerjinsk şəhərinin hökuməti təmizlik xidmətləri üçün azı dörd tender dərc edib və bu tenderlərdə potensial podratçıların slavyan görünüşünə malik olması tələb olunub. Elə bu elanlardan biri ötən ay dərc edilib.

Dzerjinsk şəhər administrasiyasının təmizlik xidmətlərinin göstərilməsi üçün elan etdiyi tenderə əsasən, namizədlər "slavyan görünüşünə malik olmalıdırlar".

İrqçi zorakılığın artması

Rusiya qanunvericiliyi milli və ya etnik mənsubiyyətə görə işə qəbul zamanı ayrıseçkiliyi qadağan edir.

Prezident Vladimir Putin özü ölkənin müxtəlif etnik və dini tərkibini mütəmadi olaraq vurğulayır, baxmayaraq ki, o, bu qruplar arasında rus mədəniyyətinin üstünlüyünü dəstəklədiyini bəyan edib. Tənqidçilər isə onun hökumətini siyasi məqsədlərə görə ksenofobik sağçı qrupları öz tərəfinə çəkməkdə ittiham edir.

2021-ci il siyahıyaalınmasına görə, etnik ruslar ölkə əhalisinin təxminən 72 faizini təşkil edir. Ancaq sosioloqlar bu rəqəmin dəqiqliyinə şübhə ilə yanaşır. Yerli, qeyri-slavyan etnik qruplara tatarlar, kalmıklar, buryatlar və çeçenlər daxildir. Həmçinin Rusiyada Orta Asiyadan olan 10 milyona yaxın miqrant yaşayır.

Ekstremizm monitorinqini aparan "Sova" Mərkəzinin keçən ay yaydığı hesabata görə, 2023-cü ilin yazından bəri Rusiyada irqçi zorakılıqda sürətli artım müşahidə olunur.

"Human Rights Watch" təşkilatı ötən həftə hesabatında bildirib ki, 2024-cü il mart 22-də Moskva yaxınlığındakı "Crocus City Hall" konsert salonundakı terror aktından sonra Mərkəzi Asiyadan olan işçi miqrantlar artan ksenofobik təqib, nifrət nitqi və zorakılıq halları ilə üzləşirlər.

Ayrıseçkiliyə əsaslanan işə qəbul təcrübəsi Rusiya dövlət qurumları üçün yeni deyil.

2018-ci ildə Moskva şəhər hökumətinin dəfn xidmətləri inhisarçısı havalandırma sistemləri quraşdırmaq üçün potensial podratçıya bildirib ki, yalnız etnik slavyanlar təklif təqdim edə bilər.

Həmin il Rusiya Milli Qvardiyasının (Rosqvardiya) tərkibində olan bir qurum açıq şəkildə bir tenderdə bildirib ki, onun obyektlərinə xaricilər və "Qafqaz etnik mənsubiyyəti" olan şəxslərin girişi qadağandır.

"Etnik profilləşdirmə normaya çevrilib"

S.Kulayeva "Sistema"ya bildirib ki, Rusiyada diskriminasiya ilə bağlı vəziyyət dəyişir, lakin bu, həmişə yaxşılığa doğru deyil.

"Vəziyyətə bütövlükdə nəzər salsanız, görəcəksiniz ki, miqrantlar üçün iş qadağaları artır və milli mənsubiyyətə görə ayrıseçkilik işəgötürənlərin ümumi təcrübəsi olaraq qalır", - o bildirib. "Bu tələblər qanunaziddir və nəzəri cəhətdən məhkəmədə mübahisələndirilə bilər".

Kulayevanın sözlərinə görə, Rusiyada irqçilik təkcə kadr siyasətində deyil, həm də gündəlik həyatda özünü göstərir.

Ötən il Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti Baş İdarəsinin rəisi Viktor Paukov həmkarlarının qarşısına Moskva vilayətini "xarici vətəndaşlar tərəfindən qaraldılmaması üçün işıqlandırmaq" vəzifəsi qoyub.

"Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi və millətçiliyin artması şəraitində etnik profilləşdirmənin normaya çevrilməsi təəccüblü deyil", - Kulayeva əlavə edib.