Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xarabalıqlarda tikilən “ağıllı kəndlər”. Azərbaycan geri aldığı Qarabağın gələcəyini necə görür?


Azərbaycan geri aldığı ərazilərin bərpasını “böyük qayıdış” adlandırır: yollar salır, kommunikasiya xətləri çəkir, minalardan yenicə  təmizlənmiş sahələrin ortasında beynəlxalq hava limanı açır. Birinci Qarabağ müharibəsi qaçqınlarına “ağıllı kəndlərə” qayıtmaq təklif olunur. Ancaq ilk belə kəndin fotoşəkilləri mütəxəssisləri o qədər də ruhlandırmır.  Tikinti işlərini kimlərin və hansı vəsaitlər hesabına həyata keçirdiyini öyrənmək asan deyil. İnsanlar ətrafı 30 il boyu xarabalıq olmuş yerlərə köçməyə ehtiyat edirlər.





“Orda bulaqlar vardı - Azərbaycanın başqa yerlərində çox az rast gəlinən bulaqlar. Bu gün də kimi dindirsən, məhz onları xatırlayır. Sovet dövründə orda “Moskva” kolxozu fəaliyyət göstərirdi. Kənddə, demək olar ki, hamının ikimərtəbəli evi, hektarlarla meyvə bağı vardı”.




52 yaşlı Vüqar Kərimli öz kəndlərini belə təsvir edir. O, üç eyniadlı kəndin birində - Ermənistanla həmsərhəd dağların arasındakı vadidə yerləşən Ağalıda doğulub böyüyüb.





Dağlıq Qarabağ bu kəndin şimalında, İranla Azərbaycan arasında təbii sərhəd olan Araz çayı isə cəmi bir neçə kilometrliyindədir.





Vüqarın ailəsi 1993-cü ilin payızındakı döyüşlərdən bu çayı keçərək xilas olub. Anası müəllimə olub, atası Ermənistana aparan dəmiryolunda mexanik işləyib. Müharibədən sonra həmin yol bağlanıb, insansız torpaqlarda qalan relslər paslanıb.





Qafqazın iqlimi sərt olmasa da, bu yerlərdə qış soyuq keçir, qar bəzən aprel ayına kimi ərimir.





Vüqarın birlikdə xizək düzəldib yamaclarda sürüşdüyü iki uşaqlıq dostu müharibədə həlak olub.








Qarabağ, müharibə, Azərbaycan, münaqişə,


Qarabağ, müharibə, Azərbaycan, münaqişə,








“Bəzən o günlərdən nələrsə yadıma düşür, dərhal da fikirləşirəm ki, artıq heç biri yoxdur – nə uşaqlığımız, nə də o kənd”.





2020-ci ilin payızında - Azərbaycan İkinci Qarabağ müharibəsində qalib gələndən sonra uzun illərdən sonra Vüqar üçün doğma yurduna qayıtmaq fürsəti yaranıb.





Qayıtmağı gözləyənlər




Vüqar Ağalıdan 1990-cı ildə çıxıb – ali təhsil almaq üçün Bakıya gedib. Bir neçə ay sonra öyrənib ki, oralarda Ermənistana qarşı partizan müharibəsi başlayıb. Təhsilini yarımçıq qoyub, könüllü olaraq döyüşə yollanıb. 1992-ci ildə genişmiqyaslı hərbi əməliyyatlar başlayanda Şuşada vuruşub, şəhər işğal edildikdən sonra Füzulidəki özünümüdafiə dəstəsinə qoşulub. Elə orada 1993-cü ilin payızında Vüqar doğma kəndlərinin ələ keçirildiyini, ailəsinin İrana keçməklə Azərbaycanın təhlükəsiz bölgəsinə getdiyini eşidib.





Müharibədən sonra ailə Vüqarın əmisinin Bakıdakı birotaqlı mənzilinə yerləşib: “O boyda külfət o otağa yığışdıq. Yaşlılar, uşaqlar – 15-20 nəfər olardıq”.





Sonra Vüqarın valideynlərinə yataqxanada bir otaq veriblər və beş nəfərlik ailə ora köçüb: “İllərlə o bir neçə metrlik otaqda yaşadıq, iş axtardıq. Böyük evlərə, kəndin genişliyinə öyrəşmiş adamlar kibrit qutusuna oxşayan otaqlarda qaldılar”.





Bakıda Vüqar evlənib, uşaqlarına Ağalıdan, ordakı evlərindən danışıb, bir gün mütləq geri qayıdacaqlarını deyib.





1990-cı illərdə silahlı münaqişə təxminən 500 min azərbaycanlını məcburi köçkün vəziyyətinə salıb. İkinci Qarabağ müharibəsinin nəticələrini isə Azərbaycan hakimiyyəti “böyük qayıdış” adlandırır.





“Noyabrın 10-na keçən gecə evdəkilər məni oyadıb dedilər ki, müharibə qurtardı, prezident televizorda çıxış edir. Əlbəttə, mən bilirdim ki, biz kəndimizə qayıdacağıq, orda ev tikəcəyik. Buna 100 faiz əminəm. Ancaq əlbəttə ki, prosesin sürətli olmayacağını da bilirdim”.










Qarabağ, müharibə, Azərbaycan, münaqişə,





 




Azərbaycan Ermənistanın Birinci Qarabağ müharibəsində işğal etdiyi Dağlıq Qarabağın bir hissəsini və ətrafındakı 7 rayonu geri qaytarıb. Bu, təxminən 100 min kvadrat kilometr ərazidə yerləşən 700 yaşayış məntəqəsi deməkdir.





Hələ də bir çox yeri minadan təmizləmək lazımdır, amma Azərbaycan hakimiyyəti, demək olar ki, dərhal yollar salmağa, kommunikasi xətləri, mobil əlaqə və internet çəkməyə başlayıb.





Atəşkəs müqaviləsinin bir ili tamam olmamış minalardan təmizlənmiş çöllərin arasında ölkənin sertifikatlı 7 beynəlxalq hava limanından biri - “Füzuli” aeroportu istifadəyə verilib.





“Böyük qayıdış”a isə Vüqargilin Ağalı kəndindən start verilib – Prezident İlham Əliyevin sərəncamıyla bu yeri xarabalıqdan “ağıllı kəndə” çevirməlidirlər.





“Ağıllı kəndlər”, yoxsa dotasiya bölgəsi?




“Ağıllı” şəhər və kəndlərlə bağlı sərəncamda (aprel, 2021) Dağlıq Qarabağ və ətraf rayonlar barədə qeyd yoxdur, amma ötən bir il ərzində bu layihələrdən məhz işğaldan azad edilmiş torpaqlar nəzərdə tutularaq bəhs edilib.





Layihələrə nəzarət eyni vaxtda bir neçə departamentə həvalə olunub: Dövlət Məşğulluq Agentliyinə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə və Kənd Təsərrüfatı Nazirliyinə.





Nazirliyin planına görə 110 hektarlıq sahədə 200 “ekoloji ev”, 360 yerlik məktəb, uşaq bağçası və velosiped yolları inşa edilib.





Kənd təsərrüfatı naziri İnam Kərimov söz verib ki, “Bütün yaşayış evləri, sosial obyektlər, inzibati binalar, iaşə obyektləri, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı alternativ enerji mənbələriylə təmin olunacaq”.





Azərtac agentliyinin saytındakı təqdimatda həm də “ekoloji istilik sistemi”, ağıllı işıqlandırma sistemi və tullantıların idarə olunması haqqında yazılıb.





Mayın 27-də Prezident və xanımı Ağalıya səfər ediblər, iyunun 18-də isə kəndə xarici turistlər aparılıb.










ağıllı kənd, İlham Əliyev, Qarabağ





 




Azərbaycanın tanınmış memarı Elçin Əliyev layihəni tənqid edir:





"XXI əsrdə yeni memarlıq və müasir kotteclər yaradılmalıdır. Bu binaların hətta zahiri görkəmi də "ağıllı kənd" iddiasına şübhələr yaradır".





O qeyd edir ki, beynəlxalq anlamda “ağıllı” qəsəbə tam avtomatlaşdırılmış ekosistem deməkdir - su və elektrik təchizatının avtomatlaşdırılması, nəqliyyatın hərəkətinin təşkili, həmçinin “21-ci əsrdə insanın həyatını asanlaşdıra biləcək bir çox elektron yeniliklər” təmin edilməlidir.





“Juniper Research” təşkilatının tərtib etdiyi beynəlxalq "ağıllı şəhərlər" reytinqinə bu il Şanxay başçılıq edir.










Şanxay, ağıılı şəhər










""AS Group"un (Ağalıda tikinti işlərini həyata keçirən şirkət - BBC) göstərdiyi bu günəş panelləri - bu bərbad plastik çərçivələr 20 il əvvələ aid yenilikdir. Bunda ağıllı bir şey yoxdur" - Elçin Əliyev belə deyir.





Tikintilərin fotolarına baxan Vüqarsa hesab edir ki, “orada tikilənlər daha çox otelə oxşayır”.





Kənd Təsərrüfatı Nazirliyinin planına görə, kənddə 250 baş iribuynuzlu və 600 baş xırdabuynuzlu mal-qara saxlamaq mümkün olacaq. Ancaq köçürülmə prosesinə məsul məmurlar Vüqara deyiblər ki, tövlələr qəsəbədən kənarda yerləşəcək - mal-qaranı əvvəllər olduğu kimi evin yaxınlığında saxlamağa icazə verilməyəcək.





Vüqar şikayətlənir; deyir ki, inəyi sağmaq üçün bir kilometr piyada getmək əlverişsiz variantdır.





“Orda şəhərli kimi yaşamağa gedirəmsə, bunu elə Bakıda da edə bilərəm”, - o vurğulayır.





Onu narahat edən əsas məsələ isə insanların kənddə iş tapa bilməyəcəyidir:





“Azərbaycanın digər yerlərindəki rayonların ətrafında başqa kəndlər və şəhərlər var, yəni işləmək üçün başqa yerə getmək olur. Amma orda belə deyil”.





Həqiqətən də Ağalıdan kilometrlərlə məsafədə bircə şəhər də yoxdur, otuz ildir ki, bu torpaqlarda heç kim yaşamayıb. Vüqar deyir ki, “Sovet vaxtı bəziləri kolxozda, bəziləri də rayondakı işlərdə çalışırdı. Ağalıda istehsal yaratmaq lazımdır”.










Ağıllı kənd, Ağalı, Qarabağ





 




Hakimiyyət söz verir ki, kənddə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) filialı olacaq və digər məsələlərlə yanaşı, agentlik insanlara iş tapmağa da yardım edəcək, kiçik və orta biznesi dəstəkləyəcək. Bundan başqa, kənddə  “bir pəncərə” prinsipi ilə fəaliyyət göstərən Azərbaycan Dövlət Xidmətləri Agentliyinin (ASAN) də filialı açılmalıdır.





İqtisadçı Natiq Cəfərli də hesab edir ki, Ağalının və o bölgədəki digər qəsəbələrin sadəcə dövlət işçilərinin yaşayacağı dotasiyalı ərazilər kimi qalması ehtimalı böyükdür.





“Amma büdcə buna uzun müddət davam gətirməyəcək, bizə investorları cəlb edə biləcək maraqlı layihələr lazımdır”, – Cəfərli belə deyir.





Onun fikrincə, uyğun variant universitetlərin Bakıdan köçürülməsi olardı - bu, paytaxtdakı sıxlığı azaldar, tələbələrin ardınca biznes də regiona gedərdi:





"Daha bir məsələ sənaye komponentidir. Regionun potensialı nəzərə alınaraq qərar vermək lazımdır ki, orada hansı müəssisələr yaradılsın, hansı rayonda hansı işlər görülsün".





Geri qaytarılmış ərazilərdə iş yerlərinin yaradılması barədə danışan hakimiyyət nümayəndələri, adətən, kənd təsərrüfatına istinad edir.





Artıq Ağalıda aqropark salınıb. Prezident Əliyev kəndin gələcək sakinləri ilə görüşündə bildirib ki, bu il aqroparkda ilk məhsul yığılacaq.





Ancaq Natiq Cəfərli deyir ki, “O vaxt evlərini tərk edənlərin indi 30 yaşlı uşaqları var, onların da kənd təsərrüfatı təcrübəsi yoxdur. Əgər biri kəlbəcərlidirsə, bu o demək deyil ki, o, inək sağmağı bacarır. Bəlkə heç ömründə inək görməyib".





“Tez pul qazanmaq və çıxıb getmək”




Keçən ilin dekabrında sosial şəbəkələrdə bir video yayılmışdı – Ağalıdakı tikintidə işlədiklərini bildirən iki nəfər üç aydır maaşlarını ala bilmədiklərindən şikayətlənirdilər.





Onlardan biri “200-300 işçinin maaş almadığını" bildirirdi. İkincisi isə deyirdi ki, “Biz bura şou üçün yox, ailəmizi dolandırmaq üçün gəlmişik”.





İşçilər oradakı şəraitin soyuq mövsümə uyğun olmamasından da şikayətlənirdilər. Bir də deyirdilər ki, onlarla heç bir müqavilə bağlanmayıb.





Videodakı işçilərdən biri olan Seymur (öz xahişi ilə adı dəyişdirilib) BBC-yə bildirib ki, iş haqqında məlumatı sosial şəbəkələrdən öyrənib: "Ya “Facebook” idi, ya da “Tik-Tok”. Elanda yazılmışdı ki, kim tikintidə işləmək istəyir? On nəfərlik komandam vardı, onları yığdım, getdik”.





Seymurun sözlərinə görə, vəziyyət ürəkaçan deyilmiş: "Antisanitariya idi. Həm də biz koronavirusa yoluxmaların çox olduğu vaxtda işləyirdik. Qışda beton döşəməli, mağaraya oxşayan bir yerdə qalırdıq".










Qarabağ, müharibə, Azərbaycan, münaqişə,










Ağalıdakı “ağıllı kənd” tikintisində cəmi 7 ay işləyən Seymur deyir ki, “Təkcə birinci ayın maaşını almaqda problem olmadı. Sonra vəziyyət qəlizləşdi, gecikmələr başladı”.





Bundan başqa, tikintini tərk etmək də mümkün deyilmiş.





“Biz obyektə beş postdan keçib getmişdik. Ordan çıxsan, nə geri qayıda, nə də pulunu ala bilərdin”.





Ağalıda reallaşdırılan “ağıllı kənd” layihəsinin icraçısı “AS Group Investment” şirkətidir.





Şirkətin nümayəndəsi “AbzasMedia”ya müsahibəsində bildirib ki, sifarişçi Kənd Təsərrüfatı Nazirliyidir və layihə dövlət tərəfindən maliyyələşdirilir.





Dövlət tenderləri saytında bu şirkətin udduğu tenderlər barədə məlumat yoxdur, amma “AS İnşaat” MMC-nin Rusiya ilə sərhəddə gömrük postunun tikintisi üçün keçən il  9,2 milyon manatlıq (5,4 milyon dollar) tenderi qazandığı qeyd olunub. “AS Group Investment”in VÖEN-i nə vergi departamentinin məlumat bazasında, nə də şirkətin özünün saytında var.





Tenderlər saytında Ağalı kəndinin adına cəmi iki yerdə - xəstəxana üçün tibbi avadanlıqların tədarük edilməsi və kəndə elektrik şəbəkəsinin çəkilməsi üzrə tenderləri udan digər şirkətlərlə bağlı qeyd var.





“As İnşaat” MMC Şahin Mövsümova məxsusdur - mətbuatın yazdığına görə, o, həm prezidentin köməkçisi Şahmar Mövsümovun qardaşı, həm də Azərbaycan Oxçuluq Federasiyasının rəhbəridir. Azərbaycanda belə vəzifələr, adətən, məmurlara həvalə edilir.










Ağalı kəndi, Qarabağ





 




“AS Group Investment”in saytında Bakı yaxınlığındakı Olimpiya Mərkəzinin (Azərbaycanda bu adda bir neçə idman obyekti olsa da, ölkədə heç vaxt Olimpiya Oyunları keçirilməyib) və qaçqınlar üçün evlərin tikilməsi barədə məlumat verilsə də, “Ağıllı kənd” layihəsi iə bağlı heç bir qeyd yoxdur.





Şirkət BBC-nin sorğusuna cavab verməyib.





Eyni sorğunu Kənd Təsərrüfatı Nazirliyi və vergi idarəsinə rəhbərlik edən İqtisadiyyat Nazirliyi də cavabsız qoyub.





Seymurun dediyinə görə, onların maaşları problem ictimailəşdirildikdən – videolar paylaşıldıqdan sonra ödənilib. O, artıq həmin tikintidə işləmir, amma tanışlarına - digər fəhlələrə istinadla bildirir ki, tikintidə şərait nisbətən yaxşılaşıb.










ağıllı kənd, Qarabağ





 




Prosesin qeyri-şəffaflığı, tenderlər haqqında məlumat verilməməsi Natiq Cəfərlini təəccübləndirmir.





“Azərbaycan bu baxımdan ideal ölkədir - əcnəbilər gözə görünmədən, istədikləri kimi işləyirlər. Bəziləri tikir, digərləri “ağıllı kənd” üçün avadanlıq tədarük edir. Bu, onlar üçün asan biznesdir – tez qazanmaq və çıxıb getmək”.





Cəfərli həmçinin qeyd edir ki, maaşların gecikməsi daha çox bürokratiya ilə əlaqəli ola bilər.





“Maliyyə Nazirliyinin xərcləri hesablaması, Nazirlər Kabinetinin onları təsdiqləməsi – bu, sənəd süründürməçiliyidir. Layihələrin pulunu fevralın sonu-martın əvvəlindən – iki-üç ay gecikmə ilə ödəməyə başlayırlar”.





İqtisadçı daha bir problemə – büdcənin detallaşdırılmamasına diqqət çəkir. İşğaldan azad edilmiş ərazilərin bərpası üçün 2021-22-ci illərdə büdcədən 1,3 milyard dollar məbləğində vəsait ayrılıb, amma Azərbaycandakı bütün infrastruktur layihələrində olduğu kimi, bu pulların da konkret hansı işlərə xərclənəcəyi qeyd olunmayıb.





“Hərbi xərclər deyil ki, gizlədilsin, belə məsələlərdə şəffaflıq olmalıdır. Bunlar büdcə vəsaiti yox, investisiya pulları olsaydı, narahat olmamaq olardı. Amma söhbət iki il ərzində xərclənəcək 4,4 milyard manatdan gedir, ona görə də hər bir vətəndaş bu pulların hara xərcləndiyini görmək üçün şəffaflıq tələb edə bilər” – Cəfərli belə deyir.










Qaçqınlar, cəmiyyət





 




Geri qaytarılmış ərazilərə yerləşməyi ilk növbədə Birinci Qarabağ müharibəsində oradan çıxmaq məcburiyyətində qalmış insanlara təklif edəcəklər, köçmək xərcini dövlət ödəyəcək. Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən BBC-yə bildiriblər ki, bu, ilk növbədə hazırda daha ağır şəraitdə yaşayanlara şamil olunacaq. 30 il əvvəl məcburən evlərini tərk etmiş insanların bəziləri hələ də sovetdənqalma bərbad yataqxanalarda yaşayırlar.





Dövlət Komitəsinin məcburi köçkünlər arasında keçirdiyi sorğunun nəticələrinə görə, əksəriyyət köçmək tərəfdarıdır. Vüqar da buna hazır olduğunu bildirib, amma onu prioritet qruplara daxil etməyiblər.





2021-ci ilin sentyabrında Prezident Əliyev demişdi ki, Ağalıda tikinti ilin sonuna kimi başa çatdırılmalıdır, amma işlər 2022-ci ildə də davam etdiriləcək. Bu ilin mayında Qaçqınlarla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, işlər artıq  yekunlaşıb və ilk sakinlər iyunda yerləşdiriləcək. Ancaq hələlik vəziyyət dəyişməyib.





Digər qaçqınlar




Müəyyən mənada Vüqarın bəxti gətirib: onun kimilər – ermənilərin işğal etdiyi və Azərbaycanın geri qaytardığı ərazilərdə yaşamış şəxslər hələ də öz evləri hesab etdikləri torpaqlara gec-tez qayıdacaqlar. Amma Dağlıq Qarabağ uğrunda müharibə konfliktin hər iki tərəfindəki insanları evsiz qoyub.





Bakını və Azərbaycanın digər şəhərlərini tərk etmiş 350 mindən çox erməni və Ermənistan SSR-dən çıxmaq məcburiyyətində qalmış 200 minə qədər azərbaycanlı da Birinci Qarabağ müharibəsinin qaçqınlarıdır.





Onların geri qayıdacağına çox az ümid var.





2020-ci ilin payızındakı növbəti müharibə artıq Qarabağ ermənilərini də qaçqına çevirib. Bu müharibədəki məğlubiyyət Ermənistanda hakimiyyətə qarşı çoxsaylı aksiyalarla nəticələnib – nümayişçilər hakimiyyəti xəyanətdə günahlandırıblar.





Azərbaycan və Ermənistan arasında hələ də diplomatik əlaqə yoxdur, Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib, bəzən təmas xəttində atışmalar baş verir.





Rusiyanın Ukraynaya hücumundan sonra danışıqlar prosesi sürətlənib: Avropa Şurasının rəhbəri Charles Michel-in vasitəçiliyi ilə aprel ayında Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasında görüş keçirilib. Nəticədə liderlər öz ölkələrinin XİN rəhbərlərinə sülh razılaşması hazırlamağı tapşırıblar.





Danışıqlardan sonra Əliyev bəyan edib ki, “Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkir”.





Paşinyan parlamentdə bununla bağlı izahat verməli olub: “Əgər əvvəllər biz Qarabağın statusunu əsas götürərək təhlükəsizlik və hüquq məsələlərini buna uyğunlaşdırırdıqsa, indi təhlükəsizliyi və hüququ əsas götürürük və status məsələsi burdan yaranır".










Şuşa, Qarabağ





 




Paşinyan Ermənistan hakimiyyətinin qonşu ilə münasibətlərə yeni yanaşmasının manifestinə çevrilmiş həmin çıxışında əvvəlki mövqeyini səhv adlandırıb və güzəştlərə daha əvvəl razılıq vermədiyi üçün təəssüfləndiyini bildirib. İndi “sülh gündəminin bizim üçün alternativi yoxdur”, – Paşinyan belə deyib.





O gündən etibarən Ermənistanda küçə etirazları səngimir - müxalifət güzəşt məsələsini qəbul etmir və Baş nazirin istefasını istəyir.





Dağlıq Qarabağda, daha doğrusu, 2020-ci ilin noyabrından etibarən Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində hələ də 120 minə qədər erməni yaşayır.





Keçən il Azərbaycan ölkədə rayonların inzibati bölgüsünə dəyişiklik edib, Dağlıq Qarabağı və ətraf rayonları iki inzibati vahidə ayıraraq Qarabağ və Şərqi Zəngəzur adlandırmaqla “Dağlıq Qarabağ” anlayışının özünü ləğv edib.