Volqoqrada gecə hücumu: Ölənlər var
13 Noyabr 2026
Ukraynanın Volqoqradın cənub sənaye zonasına gecə saatlarında etdiyi hücum nəticəsində sənaye müəssisəsinin işçiləri arasında ölənlər və xəsarət alanlar var.
Bu barədə cümə günü qubernator Andrey Boçarov açıqlama verib.
"Təəssüf ki, bugünkü hücum nəticəsində Volqoqradın cənub sənaye zonasında çalışanlar arasında itkilər var: dörd nəfər ölüb, iki nəfər isə xəstəxanaya yerləşdirilib. Həlak olanların ailələrinə və doğmalarına başsağlığı verirəm", - deyən Boçarovun fikirləri region administrasiyasının "Max" messencerindəki rəsmi kanalında yayımlanıb.
Vilayət rəhbəri əlavə edib ki, Volqoqrad bölgəsinə gecə hücumu nəticəsində Svetlıy Yar fəhlə qəsəbəsində üç beşmərtəbəli yaşayış binasının, eləcə də gənclər mərkəzinin pəncərə və balkonlarının şüşələri sınıb. Qəsəbə sakinləri arasında xəsarət alan yoxdur.
Qubernator ziyanın dəqiqləşdirilməsi və fəsadların aradan qaldırılması istiqamətində işlərin aparılması üçün bələdiyyəyə müvafiq tapşırıqlar verib.
Bundan əvvəl Boçarov bildirmişdi ki, cümə gününə keçən gecə Volqoqrad vilayəti Ukraynanın pilotsuz uçuş aparatlarının kütləvi hücumunu dəf edib. PUA qalıqlarının düşməsi səbəbindən Volqoqradın cənub sənaye zonasındakı müəssisədə, eləcə də ona bitişik ərazilərdə lokal yanğınlar qeydə alınıb.