Çar I Nikolayın qızının cehizi hərracda fantastik qiymətə satıldı
13 Noyabr 2026
Rusiya imperatoru I Nikolayın qızına aid olan çay və qəhvə servizi Fransada keçirilən hərracda 321 440 avroya alıcı tapıb. Lotun yekun satış qiyməti ilkin qiymətləndirmənin yuxarı həddini dörd dəfədən çox üstələyib. Hərrac Paris yaxınlığında yerləşən "Aguttes" auksion evində baş tutub.
Bu barədə məlumat "Aguttes" auksion evinin rəsmi saytında dərc olunub.
İlkin variantda imperator dəstinin dəyəri 40-80 min avro civarında ehtimal edilirdi. Auksion evinin saytında qeyd olunur ki, yekun satış məbləğinə vergilər və komissiya xərcləri də daxildir. Sözügedən serviz 1840-cı ildə Sankt-Peterburq şəhərində sənətkarlar - Karl İohann Tegelsten və Henrix Avqust Lanq tərəfindən ərsəyə gətirilib. Sifariş Rusiya imperator sarayını məmulatlarla təmin edən "Nicholls & Plincke" zərgərlik şirkəti üçün nəzərdə tutulmuşdu.
Səkkiz əşyadan ibarət olan kolleksiyaya samovar, qəhvədan, çaydan, qəndqabı, südqabı, süzgəc, qənd maşası və böyük oval sini daxildir. Bütün əşyalar 875 əyarlı qızıl suyuna çəkilmiş gümüşdən hazırlanıb. Bəzək elementləri bitki naxışları, meyvə qirlyandları, ximera və şir pəncəsi təsvirlərindən ibarətdir. Bəzi əşyaların qulpları Psixeyanı təcəssüm etdirən qanadlı qadın fiqurları şəklində işlənib. "Aguttes" mütəxəssislərinin qənaətinə görə, servis imperator I Nikolay tərəfindən qızı Olqa Nikolayevnanın (1822-1892) cehizinin bir hissəsi kimi sifariş edilib. Nikolayevnanın cehizinə təqribən 500 ədəd gümüş qab-qacaq daxil idi. Hazırda onların bir qismi Rusiyanın müxtəlif muzeylərində, o cümlədən Sankt-Peterburqda qorunur, digər hissəsi isə şəxsi kolleksiyalardadır.
Auksion evindən xüsusi olaraq vurğulanıb ki, satılan lotun əsas dəyəri onun yaxşı qalmasındadır: XIX əsrə aid imperator servizinin demək olar ki, tam dəst şəklində hərraca çıxarılması nadir hadisədir.