İrəvanda azərbaycanlı məscidi, fars maliyyəsi və erməni Yeğişenin adı...
Azərbaycanla Ermənistan arasında sülh prosesinə zərbə vurmaq istəyən hansı qüvvələrdi?
13 Noyabr 2026
İrəvanda Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsin adının verilməsi Bakı ilə İrəvan arasında sülh səylərinə qarşı təxribatdır. Bu barədə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bəyan edib.
Qurum vurğulayıb ki, məscid Azərbaycan xalqının tarixi-mədəni irs abidəsidir. Onun zalının adının dəyişdirilməsi və orada şairin büstünün qoyulmasının planlaşdırılması tikilinin ilkin təyinatına və mədəni kimliyinə hörmətsizliyin göstəricisidir.
“Tarixi abidələrin qorunması təkcə onların fiziki mövcudluğunun təmin edilməsini deyil, həm də mənsubiyyətinə, ilkin təyinatına və mədəni kimliyinə hörmətlə yanaşılmasını tələb edir”, – bəyanatda bildirilib.
Dövlət Komitəsi xatırladıb ki, Göy məscid XVIII əsrdə, İrəvan xanlığı dövründə, Hüseynəli xanın hakimiyyəti illərində inşa edilmiş Azərbaycan memarlıq və dini irsinin mühüm nümunəsidir. Qurum, həmçinin vurğulayıb ki, İranın bərpa işlərini maliyyələşdirməsi abidəni həmin ölkəyə məxsus hesab etmək üçün əsas vermir.
“1995-ci ildə İranla Ermənistan arasında əldə olunmuş razılaşmaya əsasən, onun “yenidən qurulması” işlərinin maliyyələşdirilməsi İran tərəfinə həvalə edilib. Lakin hər hansı ölkənin vəsaiti hesabına mədəni irs obyektinin bərpası həmin abidənin o ölkəyə məxsus olduğunu iddia etmək üçün əsas sayıla bilməz. Göy məscidin tarixi kimliyi onun inşa edildiyi dövr, İrəvan xanlığı və şəhərin Azərbaycan mədəni irsi ilə əlaqəsi əsasında qiymətləndirilməlidir. Abidəni “fars məscidi” kimi təqdim etmək, onun adını və tarixi kontekstini dəyişdirmək cəhdləri elmi-tarixi yanaşmaya deyil, siyasi məqsədlərə xidmət edir”, – qurumda vurğulayıblar.
Bəyanatda, həmçinin işğal dövründə Ermənistan tərəfinin Qarabağ və Şərqi Zəngəzur ərazilərindəki məscidlərə münasibətdə atdığı addımlarla paralellər aparılır. Xüsusilə, Dövlət Komitəsi 2019-cu ildə Şuşadakı Yuxarı Gövhər Ağa məscidində təmir adı altında aparılan işləri, eləcə də həmin məscidin və Ağdam Cümə məscidinin “fars məscidləri” kimi təqdim edilməsini xatırladıb.
Qurum qeyd edib ki, Azərbaycan azad edilmiş ərazilərdə dini-mədəni abidələri bərpa edir, lakin onların fiziki cəhətdən bərpası əvvəlki vandalizm aktlarının nəticələrini aradan qaldırmır.
“Göy məscidin tarixi mənsubiyyətinin təhrif edilməsi və Azərbaycan xalqının mədəni-dini irsinə sahib çıxmaq cəhdlərinə etirazımızı bildirir, İran və Ermənistan tərəflərini tarixi faktlara hörmətlə yanaşmağa, dini və mədəni abidələrdən siyasi-ideoloji məqsədlər üçün istifadə etməkdən çəkinməyə çağırırıq”, – məlumatda bildirilir.
Bundan əlavə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) İrəvandakı Göy məsciddə keçirilən tədbiri pisləyərək, onun müsəlman dini ayinləri ilə bir araya sığmadığını və Azərbaycanın dini irsinə təhqir olduğunu bəyan edib. Bu barədə QMİ-nin bəyanatında bildirilir.
Söhbət İrəvandakı Göy məsciddə keçirilən həmin mərasimdən gedir. Mərasim zamanı kompleksin iclas zalına erməni şairi Yeğişe Çarentsin adı verilib və xatirə lövhəsi açılıb. Tədbirdə İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi iştirak edib. Gələcəkdə məscidin ərazisində Çarentsin büstünün qoyulması da planlaşdırılır.
İdarə baş verənləri Azərbaycanın dini-mənəvi irsinə hörmətsizlik, eləcə də vandalizm aktı və təxribat kimi qiymətləndirib.
QMİ mədəni şou adı altında keçirilən tədbirə qəti etirazını bildirib və Ermənistan hökumətini belə halların qarşısını almağa çağırıb.
“44 günlük Vətən müharibəsində kapitulyasiyaya uğramış Ermənistanın sülh danışıqlarına sadiqliyini nümayiş etdirdiyi bir vaxtda belə bir hadisənin baş verməsi nizamlanma prosesini şübhə altına alır. Bu, yalnız revanşistlərin maraqlarına xidmət edir”, – bəyanatda bildirilir.
Aydındır ki, Ermənistan rəhbərliyi İrəvandakı orta əsrlərə aid məscid mövzusunun Azərbaycanda, o cümlədən ölkə rəhbərliyi səviyyəsində bir çoxları üçün həssas məsələ olduğunu bilməyə bilməz. Belə bir şəraitdə məsciddə erməni şairinin adını daşıyan zalın yaradılmasının nə üçün lazım olduğu, eləcə də bu dini ibadət ocağının guya İrana məxsus olduğunun növbəti dəfə vurğulanmasının səbəbi tamamilə anlaşılmazdır. Halbuki orta əsrlərdə İrəvanda iranlılar yaşamayıb, məscidin əsası isə milliyyətcə azərbaycanlı olan İrəvan xanlığının hakimləri tərəfindən qoyulub.
Axı bununla Ermənistan hökuməti Azərbaycanla sülh sazişinin imzalanmasına hazırlıq prosesinə onsuz da uzanan və mürəkkəb olan şəraitdə əlavə zərbə vurur. Paşinyanın komandası belə bir səhvi necə gözdən qaçıra bilərdi? Yoxsa bunlar düşünülmüş addımlardır? Bəs məqsəd nədir?
Müstəqil politoloq Xaqani Cəfərli bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

Onun fikrincə, İrəvandakı Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsin adının verilməsi Ermənistan üçün sülh prosesindən daha vacib sayıla biləcək qədər strateji məsələ deyil.
“Ümumiyyətlə, Ermənistan üçün sülhdən daha həyati əhəmiyyət daşıyan məsələ yoxdur. Ola bilsin ki, 2020-ci ilə qədər bu cür addımlar Ermənistan üçün müəyyən əhəmiyyət kəsb edə bilərdi. Xüsusilə, siyasi-psixoloji addım kimi bu, müəyyən təbliğat effekti yarada bilərdi. İndi isə bu addım sülh prosesinə mane olmasa da, Azərbaycanda müəyyən narazılıq doğurur.
İran ətrafında baş verən proseslər göstərir ki, fövqəladə bir hadisə baş verməsə, ABŞ-ın hərbi müdaxiləsi reallaşacaq. Bu isə Ermənistanın İrandan hər hansı dəstək almasını çətinləşdirəcək və ya ümumiyyətlə mümkünsüz edəcək. Belə olan halda Ermənistanın Azərbaycandan asılılığı artacaq.
Ümumilikdə, ermənilərin 1988–2025-ci illərdə Azərbaycanla düşmənçiliyin Ermənistana yalnız zərər vurduğunu anlamadıqları tamamilə aydındır. Onlar həmçinin başa düşmürlər ki, Azərbaycanla münasibətləri normallaşdırmadan heç bir ciddi layihənin iştirakçısına çevrilə bilməyəcəklər. Lakin görünür, erməni xalqı hələ də bunu dərk etməyib.
Ermənilərdən fərqli olaraq, gürcülər Ermənistanın hər bir səhvindən sonadək yararlanmağa çalışacaqlar ki, Gürcüstan regional layihələrdən kənarda qalmasın. Bu, gürcülərin dövlətçilik təfəkkürünün ermənilərlə müqayisədə daha uzaqgörən və realist olduğunu göstərir.
Baş nazir Nikol Paşinyan Ermənistanda baş verən bu cür hadisələrin heç bir fayda vermədiyini, əksinə, zərər vurduğunu anlayan çox azsaylı şəxslərdən biridir. Bunun Ermənistan hökumətində və ya dövlət qurumlarında çalışan İran kəşfiyyatı agentlərinin işi olması ehtimalını istisna etmirəm. İranın yüksək vəzifəli nümayəndəsinin tədbirdə iştirakı da bu qənaəti gücləndirir. Eyni zamanda, bu təxribatda Rusiyanın “beşinci kolon” nümayəndələri də maraqlı ola bilərlər. Ola bilsin ki, Rusiya və İran bu təxribatı birgə həyata keçiriblər.
Mənim qənaətimə görə, bu, ilk növbədə Azərbaycana qarşı deyil, elə Ermənistanın özünə qarşı yönəlmiş təxribatdır. Əminəm ki, Paşinyan Ermənistanda baş verən bütün proseslərə nəzarət etmək iqtidarında deyil. Azərbaycanla Ermənistan arasında sülh məhz İran və Rusiyanın maraqlarına ən böyük zərbə vurur. Buna görə də belə təxribatlarla qarşılaşdıqda ilk növbədə bu sual üzərində düşünmək lazımdır: “Bu, kimə sərf edir?” Bu, bizi də yanlış addımlardan qoruyar”, – Cəfərli hesab edir.
Rauf Orucov