Logo
news content
User
Kateqoriyalar

Xəbər

Urmiya gölünün qurumasına etiraz edənlər saxlanıldı



İyulun 16-da İranın bir neçə şəhərində, xüsusən də Təbriz, Urmu, Sulduz, Qoşaçayda yaşayanlar Urmiyə gölünün quruması ilə bağlı etiraz aksiyası keçiriblər


İyulun 16-da İranın bir neçə şəhərində, xüsusən də Təbriz, Urmu, Sulduz, Qoşaçayda yaşayan azərbaycanlılar Urmiyə gölünün quruması ilə bağlı etiraz aksiyası keçiriblər.

Bu barədə AzadlıqRadiosuna Almaniyada yaşayan, əslən İrandan olan Nağı Mahmudi məlumat verib.

Onun sözlərinə görə, yüzlərlə aksiya iştirakçısı Urmiya gölünün qurumasının qarşısının alınması üçün yetərli tədbir görülməməsinə etiraz edib.

Onlar “Urmu gölü can verir, İran onun qətlinə fərman verir”, “Qalx ayağa Azərbaycan”, “Urmu gölü susuzdur, Azərbaycan oyanmasa uduzdu” şüarları səslənib.

Məlumata görə, aksiya polis tərəfindən dağıdılıb, saxlanılanlar var.

“Bunların bəzisi aksiya başlamazdan öncə tutulub, aksiyalarda iştirak etməsinlər deyə hədə-qorxu gəlinib. Bir çoxu da aksiya başlayandan sonra həbs edilib. Onların bəzisi müvəqqəti, bəziləri qeyd-şərtsiz sərbəst buraxılıb”.

Nağı Mahmudi Qoşaçayda Nadir Əmani, Mustafa Dövlətxah, Vəli Zöhrabi, Cəlal Kudərilu, Həmid Purvəli, Təbrizdə İbrahim Asimani, Əlirza Məqsudi, Yunis Quluzadə, Mehdi Miri, Cəlal Dehqani, Əlirza Fətihivənd, Urmuda Huşəng Nağızadə, Mikayıl Qulipurun tutulduqlarını bildirir.

Aksiyadan bir gün sonra isə Təbrizdə Həkimə xanım Əhmədi, Yunis Mahmudi, Cəlil Dehqani, Həmidrza Əkbərzadə, Rza Etibari, Sulduzda Maqsud Abbaszadənin həbs olunduqları deyilir.

Nağı Mahmudi adını sadaladığı şəxslərinin çoxunun milli fəallar olduğunu bildirir.

O, həbs edilənlərin sayının daha çox olduğunu güman edir, sadəcə, bəzilərinin haqqında məlumat olmadığını, bəzilərinin adlarının ictimailəşdirməkdən çəkindiyini söyləyir.

Urmiyə gölü ətrafında daha çox etnik azərbacanlı türklər yaşayır. Milli fəallar hökumətin gölün qurumasına zamanında reaksiya verməməsini ərazidə kompakt yaşayan xalqların burdan köçüb getməsini istəməsi ilə izah edirlər.

Parlament isə bir neçə il qabaq gölün quruması ilə bağlı komissiya yaradıb.