Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynalıların 82%-i Rusiyaya qalib gələcəklərinə inanır

Ukraynalılar müharibədə öz ölkələrinin qələbəsinə əmindirlər: 59%-i buna tam əmindir, 23%-i isə Ukraynanın böyük ehtimalla qalib gələcəyini düşünür.

Bu, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun 16-31 iyul tarixlərində keçirdiyi sorğunun nəticələrində əks olunub.

"Əhalinin əksəriyyəti (82%) müharibədə məhz Ukraynanın qalib gələcəyini hesab edir, onlardan 59%-i buna tam əmindir, qalan 23%-i isə Ukraynanın böyük ehtimalla qalib gələcəyini düşünür", - institut qeyd edib.

Eyni zamanda, ukraynalıların 39%-i hesab edir ki, hazırda döyüş meydanında üstünlük Ukraynadadır. 7%-i isə vəziyyətin Rusiyanın xeyrinə cərəyan etdiyini düşünür. 32%-i tərəflərdən heç birinin üstünlüyə malik olmadığını hesab edir, 22%-i isə cavab verməkdə çətinlik çəkib.

Müharibənin başa çatma müddətinə gəldikdə, respondentlərin 22%-i onun bu ilin sonunadək bitəcəyini gözləyir. 13%-i hərbi əməliyyatların növbəti ilin birinci yarısında, 39%-i isə ikinci yarısında və ya daha gec bitəcəyini düşünür. 26%-i isə müddəti proqnozlaşdıra bilməyib.

Bundan əlavə, ukraynalıların 63%-i ölkənin gələcəyini nikbin qiymətləndirir və 10 ildən sonra Ukraynanın Avropa İttifaqının üzvü olacağını və çiçəklənən iqtisadiyyata malik olacağını hesab edir. 23%-i bədbin fikirdədir və ölkənin dağıdılmış vəziyyətdə qalacağını düşünür, 14%-i isə qərarsızdır.

Sorğu 16-31 iyul tarixlərində CATI metodu və şəxsi müsahibələr vasitəsilə keçirilib. Tədqiqatda Ukraynanın nəzarətində olan ərazidə yaşayan 18 və daha yuxarı yaşda 1808 vətəndaş iştirak edib.