Ukraynalı polkovnikin qətlinə görə Bakıda hökm çıxarılıb
30 Oktyabr 2026
Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) polkovniki İvan Voroniçin qətlində əli olan daha bir azərbaycanlı cəzalandırılıb. 31 yaşlı Amid Məmmədov hadisədən əvvəl polkovniki sifarişlə güdməkdə ittiham olunur.
Cinayət işinin materiallarına əsasən, A.Məmmədovun polkovnik Voroniçi öldürməkdə ittiham edilən və sonradan öldürülən digər azərbaycanlılar – Xaqani Gülalızadə və Nərmin Quliyeva ilə birbaşa əlaqəsi olub. O, məhz onların göstərişi ilə polkovniki izləyib və hadisədən sonra Ukraynadan Türkiyəyə qaçıb.
A.Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsində daha iki nəfər – 29 yaşlı Nurlan Səfərov və 43 yaşlı Edik İsrafilovla birlikdə mühakimə olunub. Onlar da Ukraynada qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etməkdə, həmçinin X.Gülalızadənin tapşırığı ilə müxtəlif kafe-restoranların və bloqerlərin görüntülərini çəkməkdə ittiham olunurlar.
"Müştərilərin kim olduğunu bilmirdim"
Polkovniki izləməkdə günahlandırılan idman müəllimi A.Məmmədov məhkəmədə bu ittihamları rədd edib. O, maaş problemi olduğuna görə ölkədən getmək qərarına gəldiyini və yola düşməzdən əvvəl kredit götürdüyünü söyləyib. Ukraynada X.Gülalızadə ilə qarşılaşdığını deyən müttəhim həmin şəxsin özünə və ailəsinə şəxsi sürücü olmaq təklifini qəbul etdiyini vurğulayıb: "Ukraynada əvvəllər də olmuşdum. Xaqanini uşaqlıqdan tanıyırdım. Mən Ukraynada heç kimi güdməmişəm. Nərmini də tanıyırdım və onu bir neçə dəfə müxtəlif yerlərə aparmışam. Amma onun hara və niyə getdiyini soruşmamışam. Taksi fəaliyyəti ilə də məşğul olurdum, maşınıma əyləşən müştərilərin kim olduğunu bilmirdim".
O əlavə edib ki, Türkiyədə olarkən Azərbaycan xüsusi xidmət orqanlarının onu axtardığını eşidib və özü ölkəyə qayıdaraq könüllü şəkildə Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) təslim olub.
N.Səfərov da özünü təqsirli bilmədiyini deyib. O bildirib ki, X.Gülalızadə onu Ukraynaya apararaq kriptovalyuta şirkətində operator kimi işə düzəldib və ona 2 min 500 dollar pul verib. N.Səfərovun sözlərinə görə, X.Gülalızadə ondan yalnız bir neçə dəfə hansısa obyektin fotosunu çəkməyi xahiş edib.
E.İsrafilov isə tamamilə təqsirsiz olduğunu, X.Gülalızadəni ümumiyyətlə tanımadığını söyləyib. O, sadəcə bir dəfə N.Səfərovla birlikdə kofe içdiyini vurğulayıb.
Adları çəkilən şəxslərin məhkəmə prosesi oktyabrın 23-də yekunlaşıb. A.Məmmədov və N.Səfərovun hər biri 5 il, E.İsrafilov isə 4 il 6 ay azadlıqdan məhrum edilib.
SBU-nun 16-cı Baş İdarəsinin polkovniki, 50 yaşlı İvan Voroniç 2025-ci il iyulun 10-da yaşadığı evin yaxınlığında güllələnərək qətlə yetirilib. Üç gün sonra isə bu cinayəti törətməkdə ittiham olunan iki azərbaycanlının – 1981-ci il təvəllüdlü X.Gülalızadə və 1991-ci il təvəllüdlü N.Quliyevanın keçirilən xüsusi əməliyyat zamanı zərərsizləşdirildiyi açıqlanıb.
SBU rəhbəri Vasili Malyuk Voroniçin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) göstərişi ilə qətlə yetirildiyini iddia edib.
"Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin agent-döyüş qrupu bu məqsədlə əvvəlcədən Ukraynaya göndərilmişdi", – deyə Malyuk o zaman bildirmişdi.