Rusiyada tələbələr ordu üçün dron və döyüş sursatları istehsal edirlər
30 Oktyabr 2026
Rusiyada tələbələr mülki təhsil ocaqlarında döyüş dronlarının, döyüş sursatları hissələrinin və digər hərbi məhsulların istehsalına cəlb olunurlar. Bu araşdırmanı "Vot Tak" nəşri aparıb. Media qurumu Rusiya ordusu üçün silah istehsalına cəlb edilmiş azı 40 təhsil müəssisəsini müəyyən edib.
2025-ci ilin yanvarından bəri Krasnoyarsk diyarındakı Nazarovo Aqrar Texnikumunda tələbələr FPV dronları yığırlar. Tələbələrdən biri nəşrə bildirib ki, pilotsuz aparatlar hər ay Donetsk və Luqanskdakı hərbçilərə göndərilir. Onun sözlərinə görə, təkcə 2026-cı ilin sentyabrında cəbhəyə doqquz dron yola salınıb. Tələbələrə bu işə görə pul ödənilməsə də, müəllimlər onlara yüksək qiymətlər yazır və dərslərdən azad edirlər.
Tambovda 2023-cü ilin yazında yerli çörək kombinatında "Bekas" kamikadze dronlarının yığılmasına Yerüstü Nəqliyyat Kollecinin tələbələri də cəlb olunub. Lakin 2026-cı ilin yayında "Bekas"ın istehsalçısı tələbatın azalması səbəbindən fəaliyyətini dayandırıb. Həmin şirkət həmçinin Avropa İttifaqının (Aİ) sanksiyalar siyahısındadır.
Tələbələri işlədən layihəyə "Kalaşnikov" konserni də qoşulub
AzadlıqRadiosunun "Nastoyaşşeye Vremya" layihəsi Rusiyanın "Rostex" dövlət korporasiyasının "Rostexin qanadları" adlı proqram həyata keçirdiyini yazır. Proqram iştirakçıları birinci kursdan etibarən dronlar və onlara qarşı mübarizə vasitələri daxil olmaqla, müxtəlif hərbi məhsullar istehsal edən müəssisələrdə işləyirlər. Tələbələr əməkhaqqı ilə yanaşı, 30-55 min rubl (371-680 ABŞ dolları) məbləğində korporativ təqaüd alırlar. 2026-cı ildə "Kalaşnikov" konserni də proqramın tərəfdaşlarına qoşulub.
Jurnalistlərin hesablamalarına görə, 11 təhsil müəssisəsi "Xalq Cəbhəsi" hərəkatı ilə əməkdaşlıq edir. Hərəkat təhsil ocaqlarını 3D printerlərlə təmin edir, tələbələr isə bu cihazlar vasitəsilə VOG-17 qumbaraları üçün hissələr hazırlayırlar. Volqa Texnologiya Universiteti 2026-cı ilin martınadək cəbhəyə döyüş sursatları üçün 2.5 min dəst detal göndərib.
Tələbə konstruktor büroları da ordu üçün çalışırlar. Xabarovskdakı Sakit Okean Dövlət Universitetinin tələbələri VT-40 zərbə dronları yığırlar. Tomsk Dövlət Universitetində isə "Flaminqo" adlı drontutucu aparat hazırlanıb. Moskva vilayətinin Korolyov şəhərindən olan tələbələr isə hərbçilər üçün radioelektron mübarizə qurğuları ərsəyə gətiriblər. Bu bürolar mülki qurumlar sayılır və 2022-ci ildən bəri Vladimir Putinin tapşırığı ilə universitetlərin nəzdində yaradılır.
Dron istehsal edilən ən tanınmış təhsil müəssisəsi Tatarıstandakı eyniadlı xüsusi iqtisadi zonada yerləşən "Alabuqa Politex" kollecidir. Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra burada İran istehsalı olan "Şahed" dronlarının istehsalı təşkil edilib. Dronların yığılmasına hətta doqquzuncu sinifdən sonra kollecə qəbul edilən yetkinlik yaşına çatmayanlar da cəlb olunurlar. Kollecin rəhbərliyi bu işə görə 500 min rubla (təxminən 6 min 188 dollar) qədər əməkhaqqı vəd edib. Bu kollec də Aİ-nin sanksiyaları altındadır.