Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Udmurtiyada "Prioritet" kombinatına və anbarlara zərbə endirib

Ukraynanın Müdafiə Qüvvələri Rusiya ərazisində və Ukraynanın işğal olunmuş regionlarında bir sıra hərbi obyektləri vurub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı teleqram kanalında məlumat yayıb.

Məlumata görə, zərbələr Rusiyanın hərbi-iqtisadi potensialının azaldılması üzrə tədbirlər çərçivəsində iyulun 27-də və 28-nə keçən gecə endirilib.

Xüsusən də, işğal olunmuş Krımda İçki yaşayış məntəqəsi ərazisində maddi-texniki təminat anbarının və yanacaq-sürtkü materialları anbarının, həmçinin Ukraynanın Luqansk vilayətinin Krasnopopovka bölgəsində pilotsuz uçuş aparatları anbarının vurulduğu bildirilib.

Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Udmurtiya Respublikasının Borok qəsəbəsində federal dövlət müəssisəsi - "Prioritet" kombinatının vurulduğunu bəyan edib. Ukrayna hərbçilərinin məlumatına görə, müəssisənin ərazisində yanğın qeydə alınıb.

Qeyd olunub ki, "Prioritet" kombinatı "Rosrezerv" sisteminə daxildir və yanacaq, neft məhsulları və yanacaq-sürtkü materialları ehtiyatlarının uzunmüddətli saxlanılması üçün nəzərdə tutulmuş qapalı tipli strateji obyektdir. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, obyekt Ukraynanın dövlət sərhədindən 1 300 kilometrdən çox məsafədə yerləşir.