Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
04 Avqust 2026
Ukrayna Müdafiə Qüvvələri avqustun 4-nə keçən gecə Rusiya ərazisində və Rusiyanın nəzarətindəki Ukrayna torpaqlarında yerləşən bir sıra hərbi obyektlərə və körpülərə zərbələr endirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Xerson vilayətinin Şaslivtsevo kəndində yerləşən Rusiya Federal Təhlükəsizlik Xidmətinin müvəqqəti dislokasiya məntəqəsi vurulub.
Bundan başqa, Rusiyanın Kursk vilayətində, Zvaniya kəndi yaxınlığında Seym çayı üzərində yerləşən avtomobil körpüsünə, eləcə də Zaporojye vilayətinin Svetlodolinske yaşayış məntəqəsi yaxınlığında Moloçnaya çayı üzərindəki dəmir yolu körpüsünə zərbələr endirilib. Ukrayna hərbçilərinin məlumatına görə, hər iki körpüdən Rusiya ordusunun hərbi logistika və canlı qüvvə ilə texnikanın daşınması məqsədilə istifadə olunub.
Baş Qərargah həmçinin Donetsk vilayətinin Volçansk və Svobodne yaşayış məntəqələrində yerləşən rus qoşunlarının təmir bölmələrinin vurulduğunu açıqlayıb.
Bununla yanaşı, Krımda "Geran" tipli zərbə pilotsuz uçuş aparatlarının rabitə və qidalanma retranslyator məntəqəsi, Artemovkada radioelektron mübarizə vasitələri ilə təchiz edilmiş qüllə, həmçinin Donetsk vilayətinin Baxmut istiqamətində Rusiyanın idarəetmə məntəqəsi və rabitə qovşağı da zərbəyə məruz qalıb.