Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna müharibəsi: Rusiyanın itkiləri Putin üçün nə deməkdir?


Rusiya dövlət televiziyasının həftəlik xəbər proqramının normal şərtlər altında Kremlin nailiyyətlərini göylərə çıxarmasını gözləyə bilərsiniz.





Lakin ötən həftə yayımlanan proqram nadir görünən bir etirafla başladı.





Aparıcı Dimitri Kiselev kədərli bir ifadə ilə "Ukraynadakı xüsusi əməliyyat cəbhəsində bu həftə indiyə qədərki ən sərt həftə oldu" sözlərini dedi.





"Xüsusilə Xarkov cəbhəsində düşmən qüvvələrinin bizim qüvvələrimizi sayca geridə qoyması nəticəsində rus əsgərlər əvvəldən azad etdikləri qəsəbələri tərk etmək məcburiyyətində qaldılar".




Buradakı "azad etmək" ifadəsini işğal etmək mənasında da qəbul edə bilərsiniz.





Moskva bu əraziləri bir neçə ay əvvəl işğal etmişdi. Lakin Ukrayna ordusunun əks-hücuma keçməsi nəticəsində rus qüvvələri ölkənin şimal-şərqində əhəmiyyətli ölçüdə torpaq itkisi veriblər.




Buna baxmayaraq, Rusiya mediası çox da bədbin olmamağa çalışdı.





Xarkov bölgəsində baş verənlər rəsmi olaraq "geri çəkilmə" kimi dəyərləndirilmədi.





Dövlətə bağlı "Rossiyskaya Qazeta"nın son buraxılışında "Rusiya Müdafiə Nazirliyi rus qüvvələrin Balakliya, Kupyansk və İzyumdan utanc içərisində qaçdıqları ilə bağlı fikirləri təkzib etdi" ifadələri istifadə olundu.





"Bu, bir qaçış deyil, əvvəlcədən planlanmış taktiki geri çəkilmə idi" deyildi.





"Moskovski Komsomol" qəzetində yazan bir mütəxəssis isə fərqli fikirlər səsləndirdi:





"Açıq-aşkar görünür ki, düşmənimizi düzgün qiymətləndirməmişik. Rus qüvvələri cavab həmlələrində gecikdilər və çöküş yaşandı. Bunun nəticəsində məğlub olduq. Mühasirə altında qalmamaq və itkilərimizi minimuma endirmək üçün əsgərlərimizi geri çəkmək məcburiyyətində qaldıq".




Bu "məğlubiyyət" Rusiya meyilli sosial media kanallarını və "vətənpərvər" rus bloq yazarlarını xeyli əsəbiləşdirdi. Rus ordusunu səhv etməkdə günahlandırdılar.





Çeçenistan lideri Ramzan Kadırov da tənqidi çıxış etdi: "Əgər bu gün və ya sabah strategiyada hər hansı dəyişiklik edilməzsə, Müdafiə Nazirliyi və ölkəni idarə edənlərlə görüşəcək, döyüş meydanında gerçəkdə nələr yaşandığını özlərinə danışacağam".





Vladimir Putinin Ukraynanın işğalı əmrini verməsindən indiyə qədər altı aydan çox zaman keçib.





Sonrakı günlərdə Rusiya siyasətçiləri, şərhçiləri və ekspertləri Kremlin "xüsusi hərbi əməliyyat" kimi qələmə verdiyi əməliyyatın bir neçə günə başa çatacağını proqnozlaşdırdılar.





Onlara görə, Ukrayna xalqı rus əsgərlərini onları azad etdikləri üçün sevinclə qarşılayacaq, Ukrayna hökuməti domino daşları kimi yıxılacaqdı.





Elə olmadı.





Əksinə, işğalın başlamasından altı ay sonra rus ordusu torpaq itirməyə başladı.






Bunun Putin üçün hansı siyasi nəticələri ola bilər?





İndi açar sual budur: Bunun Vladimir Putin üçün hansı siyasi nəticələri ola bilər?





Axı iyirmi ildən artıqdır ki, Putin Rusiya elitasının gözündə həmişə qalib kimi görünür. Hər zaman özünü ən çətin nöqtələrdən çıxara bilən yenilməz bir fiqur kimi.





Mən də onu çox vaxt məşhur illüzionist Harry Houdini-yə bənzətmişəm. Eynilə Houdini kimi Putin də nə qədər zəncirlənmiş və ya düyünlə bağlı olsa da, özünü oradan çıxara bilirdi.





Hər şey 24 fevralda dəyişdi.





Son altı ay Rusiya dövlət başçısı Putinin Ukraynanı işğal etmə qərarının böyük bir hesab xətası olduğunu göstərir.





Belə ki, qısa müddətdə qələbə qazana bilmədi, Rusiyanı uzun və qanlı bir hücum tələsinə çəkdi və bir sıra utandırıcı məğlubiyyətlərə düçar oldu.





Avtoritar bir liderin məğlubedilməz kimi görünən imici sarsılarsa, bu ona problemlər yarada bilər.




Vladimir Putin Rusiya tarixindən bunu çox yaxşı bilməlidir ki, keçmişdə müharibələrə qoşulub qələbə qazana bilməyən liderlərin sonları heç yaxşı olmayıb.





Rusiyanın Yaponiya qarşısında məğlubiyyətə uğraması 1905-ci ildə rus inqilabına yol açmışdı.





Birinci Dünya Müharibəsindəki hərbi məğlubiyyətlər 1917-ci il inqilabının qığılcımlarını yaratmış və çarın sonunu gətirmişdi.





Lakin Putinin ictimaiyyət önündə heç də məğlub kimi görünmək niyyəti yoxdur.





Mətbuat katibi Dimitri Peskov jurnalistlərə verdiyi müsahibədə deyib: "Rusiyanın xüsusi hərbi əməliyyatı ilk mərhələdə qarşıya qoyulan bütün hədəflərə nail olunana qədər davam edəcək".





Bu da bizi ikinci açar suala gətirir: Putin bundan sonra nə edəcək?





Burada Vladimir Putinin nə düşündüyünü, ya da nə planladığını bilən birini tapmaq asan deyil.





Hərbi və kəşfiyyat rəhbərlərindən ona verilən məlumatların nə dərəcədə doğru olması da bu baxımdan həlledici ola bilər.





Lakin bu mərhələdə bildiyimiz iki şey var: Rusiya lideri səhv etdiyini rahatlıqla qəbul etməz və asanlıqla U dönüşü etməz.





Dövlət mediasının yazdığına görə, döyüş meydanındakı məğlubiyyətlərə səbəb kimi Qərb ölkələrinin Ukraynaya dəstəyi göstərilir.





Rusiya dövlət televiziyası xəbərləri "NATO-nun dəstəklədiyi Kiyev əks-hücuma keçdi" başlığı ilə verib.




Nüvə silahı versiyası?




Amma arxa planda aylardır cavabsız qalan çətin bir sual var: Putin adi silahlarla qələbə qazana bilməsə, nüvə silahı variantından istifadə edəcəkmi?





Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zaluzhnyi bir neçə gün əvvəl xəbərdarlıq etmişdi: "Rusiya silahlı qüvvələrinin müəyyən şərtlər daxilində taktiki nüvə silahından istifadə edəcəyi ilə bağlı birbaşa təhlükə var".





Hazırda Kremldə açıq-aşkar təşviş əlamətləri görünmür.





Rusiya dövlət televiziyası da hadisələrə müsbət tərəfdən yanaşır, Ukraynanın enerji infrastrukturunu hədəf alan rus raket hücumlarını "xüsusi əməliyyatda bir dönüş nöqtəsi" olaraq qəbul edir.





Rusiyanın Ukraynada torpaqlarını itirməsi xəbəri yayılarkən, özündən əmin görünən Vladimir Putin Moskvada yeni atraksion olan fırlanan çarxın açılışını edirdi.





Görünür, Putin Avropadakı ən hündür çarx kimi, "xüsusi hərbi əməliyyatının" da öz xeyrinə fırlanacağına inanır.