Türkiyənin cənub-qərb sahilində 5,8 bal gücündə zəlzələ olub, ölən və yaralananlar var
03 İyun 2025
Türkiyənin cənub-qərb sahilində 5,8 maqnitudalı zəlzələ olub.
Bu barədə ölkənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri Muğla şəhərinin Marmaris rayonundan 10,43 km məsafədə – Aralıq dənizində qeydə alınıb. Yerli vaxtla 02:17-də (Bakı vaxtı ilə 03:17) qeydə alınmış zəlzələnin ocağı 67,91 km dərinlikdə yerləşib.
“TRT Haber” zəlzələnin Muğla şəhəri ilə yanaşı İzmir və Antalyada da hiss edildiyini bildirib.
Muğla şəhərinin valisi İdris Akbıyık ölkənin cənub-qərb sahilində baş vermiş güclü zəlzələ zamanı təşvişə düşmüş bir nəfərin öldüyünü, 69 nəfərin yaralandığını açıqlayıb.
“Zəlzələdə panik atak səbəbindən 14 yaşında bir övladımız həyatını itirib”, – o qeyd edib.
Akbıyıkın sözlərinə görə, təşviş və hündürlükdən atılma nəticəsində 69 nəfər yaralanıb, onlardan 46-sı xəstəxanaya aparılıb.
Vali şəhərdə heç bir dağıntı olmadığını vurğulayıb.