
Türkiyədə jurnalistlər də saxlanılıb
25 Mart 2025
Martın 24-ü səhər saatlarında polis 10 türkiyəli jurnalisti saxlayıb. Saxlanılanlar arasında AFP-nin fotoqrafı da var.
Türkiyədə jurnalistlərə hüquqi dəstək verən Media və Hüquq Araşdırmaları Dərnəyinin məlumatına görə, jurnalistlər İstanbulda və başqa yerlərdə İstanbul meri Əkrəm İmamoğlunun həbsinə qarşı etirazları işıqlandırdıqları üçün həbs ediliblər.
Qeyd olunub ki, son dörd gündə etirazlarda 20-dən çox jurnalist polis tərəfindən döyülüb.
CHP İmamoğlunu prezidentliyə namizəd elan edir
İstanbul bələdiyyəsinin həbs olunmuş sədri Əkrəm İmamoğlu əsas müxalifət partiyası - CHP-nin prezidentliyə rəsmi namizədi elan edilib. Partiya X hesabında İmamoğlunun "Yolumuz uzun, həyəcanımız yüksək, gəncliyimiz var" sözlərini paylaşaraq rəsmi açıqlama yayıb.
CHP sədri Özgür Özəl partiyanın keçirdiyi ilkin seçkiyə 15 milyona yaxın insanın qatıldığını elan edib.
Bu rəqəmi müstəqil mənbələrdən təsdiqləmək mümkün olmayıb.
Martın 23-də Türkiyədə məhkəmə Ə.İmamoğlu barəsində həbs qərarı çıxarıb. O, korrupsiya və digər maddələrlə ittiham olunsa da, özü ittihamları rədd edir.
Qadağan olunmuş PKK ilə iddia olunan əlaqələr üzrə digər cinayət işi ilə bağlı İmamoğlu barəsində məhkəmə nəzarəti qaydasında azadetmə qərarı çıxarılıb. Bu isə hökumətin İstanbul bələdiyyəsinə nəzarət üçün qəyyum təyin etməsini önləyə bilər.
İmamoğlu dindirilib. Türkiyədə etirazlar davam edir
Martın 22-də İstanbulun meri Əkrəm İmamoğlunun minlərlə tərəfdarı məhkəmə binası qarşısında etiraza toplaşıb. Prezident Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi olan İmamoğlu dünən korrupsiya və terror qrupları ilə əlaqələr iddiaları ilə bağlı dindirilib.
54 yaşlı İmamoğlu martın 19-da saxlanılıb. Bir neçə gün sonra onun 2028-ci ilə planlaşdırılan prezident seçkisində müxalifətin namizədi kimi irəli sürülməsi gözlənilirdi. Avropa İttifaqı bu addımın “dərin narahatlıq” yaratdığını bildirib.
İstanbulun meri martın 22-də beş saat dindirilib. “Cümhuriyyet” qəzeti onun qadağan olunmuş PKK ilə iddia olunan əlaqələri ilə bağlı dinridildiyini yazır. Martın 21-də isə İmamoğlu korrupsiya iddiaları üzrə 5 saat dindirilmişdi.
“Reuters” gördüyü sənədlərə əsasən, İmamoğlunun azı 70 sualı cavablandırdığını, bütün ittihamları rədd etdiyini yazır.
“Bu gün dindirilmədə görürəm ki, həmkarlarım və mən ağlasığmaz ittihamlar və böhtanlarla üzləşmişik”, – İmamoğlu deyib.
İstanbulun meri ilə yanaşı biznesmenlər və jurnalistlər daxil olmaqla 100-dək adam saxlanılıb. İttihamlar sırasında kriminal təşkilata başçılıq, rüşvət verməyə məcburetmə, şəxsi dataya qanunsuz çıxış sadalanır.
İmamoğlunun həbsi ölkədə siyasi gərginliyi artırıb, etirazlara səbəb olub. Polis etirazçıları gözyaşardıcı qazla dağıdıb. İstanbulda izdiham təhlükəsizlik əməkdaşlarına fişəng, başqa əşyalar atıb.
Daxili işlər naziri Ali Yerlikaya sosial mediada yazıb ki, böyük şəhərlərdə etirazlarda azı 340 nəfər saxlanılıb. O, “ictimai asayişi pozanlara, xalqın dincliyi və təhlükəsizliyinə təhdid yaradanlara” dözümlü yanaşma olmayacağını bildirib.
Müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl İmamoğlunun saxlanmasını “növbəti prezidentimizə qarşı çevriliş cəhdi” adlandırıb.
Bir sıra Avropa ölkələri İstanbulda baş verənlərdən narahatlıq bildirib.
“Merin saxlanması dərin narahatlıq yaradır. Türkiyə demokratik dəyərləri, xüsusilə seçilmiş rəsmilərin hüquqlarını qorumalıdır”, – Avropa Komissiyasının prezidenti Ursula von der Leyen deyib.
Bir çox tənzidçiləri İmamoğlunun saxlanmasını siyasi motivli sayır, məqsədin növbəti prezident seçkisində Ərdoğanın əsas rəqibini indidən kənarlaşdırmaq olduğunu deyirlər.
Hökumət ittihamları rədd edir, məhkəmələrin müstəqil orqanlar olduğunu bildirir.
İmamoğlu bəzi rəy sorğularında Ərdoğandan öndə gəlir. CHP-nin onu prezidentliyə rəsmi namizəd elan edəcəyi gözlənilirdi.
Növbəti prezident seçkisi 2028-ci ildə keçirilməlidir. Ərdoğan artıq iki dəfə prezident seçilib. O, yenidən seçkiyə qatılmaq üçün ya erkən seçki təyin etməli, ya da konstitusiyanı dəyişməlidir.