Turan: Sülhməramlıların Qarabağdan çıxması xəbəri rəsmi olaraq təsdiqlənmir
17 Aprel 2024
Sosial şəbəkələrdə Rusiya bayraqları altında 20 zirehli transportyor, onlarla benzindaşıyan maşın və bir neçə yük maşınından ibarət kolonun Qarabağdan çıxmasına dair görüntülər yayılıb.
Videoçəkilişlərin müəllifləri - sıravi vətəndaşlar bildirirlər ki, kadrlar Qarabağa bitişik Tərtər və Goranboyda çəkilib. Bu o deməkdir ki, silahlar və texnika Azərbaycandan Gəncədəki hərbi aerodrom vasitəsilə çıxarılır.
Lakin Azərbaycanın güc strukturlarından Turan agentliyinin sorğusuna cavab olaraq bildiriblər ki, yayılan video bu günə aid deyil. Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi sülhməramlıların hərbi texnikasının bir hissəsinin Azərbaycandan çıxarıldığını təsdiqləməyiblər.
Rusiya Müdafiə Nazirliyinin saytında 9 yanvar 2024-cü il tarixli son məlumat Qarabağda sülhməramlıların fəaliyyəti haqdadır.
Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Rusiya sülhməramlı kontingenti beş il müddətinə -10 noyabr 2025-ci ilə qədər Qarabağda yerləşdirilib.
Onun tərkibində 1960 hərbi qulluqçu, 90 zirehli transportyor, 380 avtomobil və xüsusi texnika olub.
19-20 sentyabr 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin antiterror əməliyyatından sonra Qarabağın erməni əhalisi regionu tərk edib və sülhməramlıların orada qalması mənasını itirib.