TRIPP ya 99, ya da 49 illiyə icarəyə veriləcək - Paşinyan
15 Noyabr 2025
Ermənistanın baş naziri Nikol Paşinyan deyir ki, TRIPP layihəsinin gerçəkləşməsi üçün ilk addım yazılı normativ bazanın yaradılmasıdır. Bu bazanın ilk mərhələsi isə avqustun 8-də Vaşinqtonda imzalanan bəyannamədir.
Paşinyan noyabrın 14-də "Sülh kəsişməsi: regional kommunikasiyaların inkişafı" adlı konfransda çıxış edib.
TRIPP, başqa sözlə, "Tramp yolu" Azərbaycanı Ermənistandan keçərək Naxçıvan eksklavı ilə birləşdirəcək marşrutdur.
Paşinyan deyib ki, ABŞ və Ermənistan birgə hüquqi şəxsi təsis edəcəklər. Bu birgə şirkəti direktorlar şurası idarə edəcək, həmin şurada Ermənistan və ABŞ təmsil olunacaq. Paşinyan strateji əhəmiyyətli məsələlərdə Ermənistana həlledici səs hüququ veriləcəyini təsdiqləyib.
Baş nazir ekspert qrupunda bir sualın müzakirə olunduğunu deyib: Ermənistanda fəaliyyət göstərən hər hansı qurum TRIPP marşrutunun keçəcəyi ərazilərdə hansısa məhdudiyyətlərlə üzləşəcəkmi? "Azatutyun" yazır ki, Paşinyan bu suala "xeyr" cavabını verib.
O əlavə edib ki, icarə müddəti başa çatanda torpaq sahəsindəki əmlak Ermənistanın mülkiyyətinə keçir, torpaq isə həmişə Ermənistanın mülkiyyətində qalır. Paşinyan hazırda icarə hüququnun verilməsi üçün iki ssenarinin müzakirə olunduğunu söyləyib: 99 illik və 49 illik. Paşinyan bu müddəti investisiyalarla əlaqələndirib: "Desək ki, bu torpağı beş illik veririk, heç kim pul yatırmayacaq, çünki bu investisiyanı beş ilə geri qaytarmaq real deyil".
Paşinyan onu da deyib ki, Azərbaycan prezidenti İlham Əliyev ilə Kopenhagendə Avropa Siyasi Birliyinin sammitində bu layihəni haradan başlamağı müzakirə edib. Onun sözlərinə görə, ilkin müzakirələrdən sonra elektrik xətləri və qaz kəmərinin daha sürətlə reallaşdırıla biləcəyinə razılaşıblar. Amma Paşinyan bunun ilkin anlaşma olduğunu vurğulayıb.