Tramp və Mask arasında qarşıdurma - Qarşılıqlı ittihamlar başlayıb
06 İyun 2025
ABŞ Prezidenti Donald Tramp milyarder İlon Maskın Ağ evi tənqid etməsi fonunda sahibkardan məyus olduğunu və ona çox yardım etdiyini söyləyib.
“CBS News” xəbər verir ki, bu barədə Tramp Almaniyanın kansleri Fridrix Mertslə görüşündə danışıb.
“Mən ondan məyus oldum, ona çox kömək eləmişəm”, – dövlət başçısı deyib.
Amerika lideri əvvəllər Maskla yaxşı münasibətdə olduğunu, lakin indi bunun hansı vəziyyətdə olduğunu bilmir: "Baxın, İlonla mənim əla münasibətimiz var idi. Bunun belə davam edəcəyinə isə əmin deyiləm".
İlon Mask ABŞ-ın hazırkı prezidenti Donald Trampın əleyhinə sərt çıxış edərək bildirib ki, onun dəstəyi olmasaydı Tramp seçkilərdə qalib gələ bilməzdi.
Mask bu haqda öz “X” hesabında məlumat verib.
"Mən olmasaydım, Tramp seçkiləri uduzar, Nümayəndələr Palatası Demokratların nəzarəti altına keçərdi", - o yazıb.
Xatırladaq ki, iyunun 3-də Mask Trampın xərc və vergilər haqqında “Vahid, böyük, gözəl” qanun layihəsini sərt tənqid edərək bunu “iyrənc” adlandırmışdı.
Ötən həftə o, Tramp administrasiyasındakı Hökumət Səmərəliyi Departamenti (DOGE) başçısı vəzifəsini tərk etmiş, lakin prezidentin dostu və müşaviri qalmağa davam edəcəyini vurğulamışdı.