Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp: USAID bağlanmalıdır

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) bağlanmalıdır.

Bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasındakı paylaşımında bildirib.

“Korrupsiya görünməmiş həddə çatıb. Onu bağlayın!”, - o qeyd edib.

ABŞ Prezidenti USAID-in fəaliyyətini dələduzluq və korrupsiya kimi də xarakterizə edib.

Bunu isə o, Ağ evdə Yaponiyanın Baş naziri Sigeru İşiba ilə görüşündə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“USAID-ə baxsaq, bunların hamısı dələduzluqdur. Bu təşkilatın vəsaitlərinin çox az hissəsi yaxşı məqsədlərə xərclənir. Baxdığım büdcənin hər bir sətri ya korrupsiyadır, ya da gülünc bir şeydir”, – Tramp deyib.

ABŞ administrasiyası fevralın 3-də USAID-in fəaliyyətini faktiki olaraq dayandırıb. Trampın qərarı ilə ABŞ dövlət katibi Marko Rubio bu qurumun müvəqqəti rəhbəri təyin edilib.

USAID-ə qarşı tədbirlər Trampın əvvəllər ABŞ hökumətinin səmərəliliyinin artırılması, şişirdilmiş dövlət aparatının azaldılması və bürokratiya ilə mübarizə üzrə yeni qurumun rəhbəri təyin etdiyi amerikalı milyarder-sahibkar İlon Maskın təşəbbüsü ilə qəbul edilib.