Tramp Qrenlandiyaya görə güc tətbiq etməməyə söz verib, amma....
22 Yanvar 2026
ABŞ prezidenti Donald Tramp yanvarın 21-də Davosda Dünya İqtisadi Forumunda çıxışında Qrenlandiyaya nəzarət üçün güc tətbiqini istisna edib. Amma onu da deyib ki, Danimarkanın bu ərazisini ABŞ-dən başqa heç bir ölkə təminat altına ala bilməyəcək.
"İnsanlar düşünürdülər ki, mən güc tətbiq edəcəyəm, amma buna ehtiyac yoxdur. Güc tətbiq etmək istəmirəm. Güc tətbiq etməyəcəyəm", – Tramp deyib.
ABŞ prezidenti Avropadakı müttəfiqləri müxtəlif sahələrdə siyasət səhvlərinə görə tənqid edib. O, Danimarkanı "nankor" adlandırıb, Vaşinqtonun Qrenlandiyanın əldə etməsinin NATO alyansına heç bir təhdid yaratmayacağını deyib.
"ABŞ-dən savayı heç bir ölkə və ya ölkələr qrupu Qrenlandiyanın təhlükəsizliyini təmin edə biləcək mövqedə deyil", – Tramp bildirib.
NATO liderləri Trampın Qrenlandiya strategiyasının alyansı sarsıda biləcəyi ilə bağlı xəbərdarlıq ediblər. Danimarka və Qrenlandiya liderləri isə 57 min nəfər əhalisi olan bu strateji adada ABŞ-nin iştirakının artırılması üçün müxtəlif variantlar təklif ediblər.
"Dünyanı qorumaq üçün bir parça buz istəyirik, amma onlar bunu vermirlər", – Tramp çıxışında deyib.
Eyni zamanda o, Qrenlandiyanı ələ keçirmək üçün belə bir ssenari yaransa, ABŞ-ı heç nə dayandıra bilməyəcəyini vurğulayıb.
"ABŞ heç vaxt heç nə istəməyib və heç nə əldə etməyib. Ehtimal ki, mən güc tətbiq etmək qərarına gəlməsəm, heç nəyə nail olmayacağıq. Açığı, bizi heç nə dayandıra bilməzdi, amma mən bunu etməyəcəyəm", - Tramp qeyd edib.