Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp İranın atəşkəs təklifini rədd edib, yeni zərbələr ola bilər

ABŞ Prezidenti Donald Tramp İranın atəşkəs təklifini rədd etdiyini bildirib, çünki mümkün sazişin şərtləri ilə bağlı mövqeyi dəyişib.

Bu barədə o "Time" jurnalına müsahibəsində deyib.

"Bir il əvvəl razılaşa biləcəyim şeyə bu gün artıq razılıq vermərəm", - o bildirib.

Trampın sözlərinə görə, Tehranın təklifi, xüsusən, Hörmüz boğazının açılmasını nəzərdə tuturdu.

"Onlar boğazı açmağı təklif etdilər. Siz təklifin bəzi elementlərini gördünüz, hərçənd hamısını yox. Amma kifayət deyil. Hətta yaxın belə deyil", - ABŞ Prezidenti bəyan edib.

İranla münaqişənin əvvəllər göstərilən altı-səkkiz həftə əvəzinə artıq yeddinci aydır ki, davam etməsindən danışan Tramp bunu İranın nüvə obyektlərinə zərbələrdən sonra hərbi kampaniyanı davam etdirmək qərarı ilə əlaqələndirib.

"Mən o zaman dayana bilərdim, amma davam etmək istədim", - o bildirib.

Tramp bildirib ki, B-2 bombardmançılarının İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra əməliyyatı başa çatdıra bilərdi, lakin İran potensialının başqa formada bərpa olunmasına yol vermək istəmədiyi üçün fəaliyyəti davam etdirmək qərarına gəlib.

Hörmüz boğazındakı vəziyyətə toxunan Tramp bəyan edib ki, Vaşinqton Tehranın gəmiçiliyi bağlamaq hədələrindən sonra faktiki olaraq onun üzərində nəzarət qurub.

"Onlar dedilər: "Biz onu bağlayacağıq (Hörmüzü - red.)". Mən dedim, ki əgər onu bağlasanız, böyük problemləriniz olacaq. Biz onu nəzarətə götürdük", - o bildirib.

Trampın sözlərinə görə, İran ABŞ ilə razılaşma əldə etməkdə maraqlıdır, lakin o özü "əsl sövdələşmə" arzulayır.

ABŞ Prezidenti ölkədəki aralıq seçkilərdən sonra İrana qarşı bombardmanların bərpa olunması imkanını mümkün hesab edib.

"Mümkündür", - Tramp belə bir variantı nəzərdən keçirib-keçirmədiyi ilə bağlı sualı cavablandırarkən deyib.

Bununla belə, ABŞ Prezidenti zərbələrin mümkün hədəflərini dəqiqləşdirməyib və bu məsələnin faktiki olaraq hərbi əməliyyat planlarına aid olduğunu qeyd edib.

Silah ehtiyatlarından danışan Tramp bildirib ki, ABŞ son altı ay ərzində onların həcmini artırıb. Onun sözlərinə görə, ABŞ-nin sabiq prezidenti Co Baydenin administrasiyası Ukraynaya xeyli miqdarda döyüş sursatı verib.

Tramp bəzi döyüş sursatı növlərinin ehtiyatlarının həqiqətən də digərlərinə nisbətən bir qədər aşağı səviyyədə olduğunu bildirib. Eyni zamanda, onun sözlərinə görə, digər silah növlərinin ehtiyatları kifayət qədərdir.

ABŞ Prezidenti əlavə edib ki, ölkənin müdafiə şirkətləri silah istehsalını artırmağa davam edir. Onun sözlərinə görə, "Raytheon" və digər şirkətlər bütün ölkə boyu yeni zavodlar tikir və gecə-gündüz işləyirlər.

"Biz ehtiyatlarımızı misilsiz səviyyədə doldururuq", - Tramp vurğulayıb.