Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp ilə Rutte Qrenlandiya ilə bağlı nəyi razılaşdırıblar

Qrenlandiya üzrə gərginlik həllini tapa bilər. ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə yanvarın 21-də Davosda çərçivə razılaşması əldə edib.

Həmin gün görüşdən öncə Tramp demişdi ki, Danimarkanın bu adasını Amerikanın suverenliyinə keçirmək istəyir, amma bundan ötrü güc tətbiqini istisna etmişdi. Rutte ilə görüşdən sonra isə sosial mediada yazıb ki, "Qrenlandiya, faktiki bütün Arktika regionu ilə bağlı gələcək razılaşmanın çərçivəsini hazırladıq".

AzadlıqRadiosunun Avropa üzrə redaktoru Rikard Yozvyak çoxsaylı mənbələrə istinadla yazır ki, razılaşma hələ rəsmən hazırlanmalıdır, gələn həftələrdə üstündə iş gedə bilər. İndi danışıqlar ABŞ, Danimarka və Qrenlandiyanın xarici işlər nazirləri arasında gedəcək, ABŞ-nin vitse-prezidenti Cey Di Vens də qatıla bilər.

Suveren baza əraziləri

AzadlıqRadiosuna danışan NATO və Avropa rəsmilərinin dediyinə görə, bəzi konturlar cızılıb. Çətin məsələlərdən biri suverenliklə bağlı olacaq, bütöv ada olmasa da, bir hissəsi ilə bağlı.

Medianın yazdığına görə, ABŞ Qrenlandiyanın bir hissəsinə "suveren baza əraziləri" adı altında nəzarət edə bilər. Bu, Britaniyanın Kiprdəki mövcudluğuna oxşar olar. Ada 1960-cı ildə müstəqillik əldə etsə də, bəzi bazalar Londonun nəzarətində qalır. NATO rəsmiləri israrla deyirlər ki, görüşdə Kipr modelinə toxunulmayıb.

Danimarkanın baş naziri Mette Frederiksen Tramp-Rutte görüşündən sonra bəyanatında deyib ki, "NATO Danimarka Krallığının mövqeyindən tam xəbərdardır. Siyasi, təhlükəsizlik, sərmayələr və iqtisadiyyatla bağlı danışıq apara bilərik. Amma suverenliyimizlə bağlı yox".

Yozvyak yazır ki, çərçivə razılaşmasının bəzi konturları daha asan razılaşdırıla bilər. Məsələn, 1951-ci ildə ABŞ və Danimarkanın imzaladığı sazişi yeniləmək olar. Həmin saziş Vaşinqtona Qrenlandiyada baza saxlamağa, ABŞ və NATO lazım bilərsə, yenilərini qurmağa icazə verir.

Hazırda ABŞ-nin Qrenlandiyada bir bazası, 200 zabiti var. Onlar fəzaya nəzarət, ballistik raketlərlə bağlı erkən xəbərdarlıq üzərində işləyirlər. Soyuq müharibə dövründə adada 10 minədək ABŞ əsgəri vardı.

Digər aspekt investisiyalara nəzarətlə bağlıdır. ABŞ Çin və Rusiyanı kənarda saxlamaq üçün bu məsələdə söz sahibi olmaq istəyir. Nadir torpaq elementləri üzrə saziş mədən fəaliyyətinə xüsusi hüquqlar verə bilər.

Üçüncü aspekt NATO-nun Qrenlandiya və ətrafında daha böyük iştirakıdır. Alyans bütövlükdə, yaxud "Arktika-7" formatında (Kanada, Danimarka, Finlandiya, İslandiya, Norveç, İsveç və ABŞ) iştirak edə bilər.