Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp bütün günahları Zelenskinin üstünə atdı: "Onun pərəstişkarı deyiləm"

ABŞ Prezidenti Donald Tramp Rusiya neft emalı zavodlarına (NEZ) endirilən zərbələrə görə Ukrayna lideri Volodimir Zelenskini tənqid edərək bildirib ki, bu cür hərəkətlər dünyada neft qiymətlərinin artmasına səbəb olur.

Bu barədə ABŞ lideri "Newsmax" telekanalına müsahibəsində bildirib.

D.Tramp təsdiqləyib ki, əvvəllər Zelenskidən Rusiya NEZ-lərinə zərbələri dayandırmağı xahiş edib və Ukrayna Prezidentinin addımlarından narazılığını ifadə edib.

"Əgər Zelenski yenidən neft emalı zavodlarına zərbələr endirirsə, onun nail olduğu yeganə şey dünya neft qiymətlərinin artmasıdır. Mən bunu rüsvayçılıq hesab edirəm. Hücum edilə biləcək bir çox başqa hədəflər var", - o bildirib.

Ağ Ev rəhbərinin sözlərinə görə, dizel yanacağı istehsal edən müəssisələrə endirilən zərbələr dünya bazarına zərər vurur, çünki bu məhsul bir çox ölkələr üçün zəruridir.

D.Tramp həmçinin Zelenskinin Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə dair mövqeyini tənqid edib: "O, razılığa gəlmək istəmir. Saziş bağlamaq istədiyini deyir, lakin əslində bu belə deyil. Mən Zelenskinin böyük pərəstişkarı deyiləm".

O, həmçinin bildirib ki, hazırkı Ukrayna rəhbərliyinin iştirakı ilə sülh sazişinə nail olmağın mümkünlüyünə şübhə edir:

Bununla yanaşı, D.Tramp qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi yaxın vaxtlarda başa çatmalıdır, lakin danışıqlar prosesi iki ölkə prezidentlərinin şəxsi münasibətləri ilə mürəkkəbləşir: "Putin Zelenskiyə nifrət edir, Zelenski isə Putinə nifrət edir. İnsanlar arasında belə bir nifrət mövcud olduqda, nəsə barəsində razılığa gəlmək çox çətindir".

D.Tramp əlavə edib ki, onun fikrincə, hər iki tərəf hərbi əməliyyatların dayandırılmasında maraqlıdır, lakin Zelenski ilə razılığa gəlmək Rusiya Prezidenti Vladimir Putinlə razılığa gəlməkdən daha çətindir.