Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Telegram”da Rusiyanın xeyrinə dezinformasiyalar baş alıb gedir

“Telegram” kanalında Rusiya hakimiyyətinin xeyrinə dezinformasiyalar baş alıb gedir. Bunu Polşada fəaliyyət göstərən, dezinformasiyaları ifşa etməklə məşğul olan “Disinfo Digest” layihəsi açıqlayıb.

Polşanın ingilisdilli “Poland Post English” onlayn nəşrində “Disinfo Digest” layihəsinin son hesabatının icmalı təqdim edilib.

Bildirilir ki, “Disinfo Digest” rus, polyak, ingilis dillərindəki “Telegram” kanallarının monitorinqi zamanı dezinformasiyaların arxasında Rusiya xüsusi xidmət orqanlarının dayandığı qənaətinə gəlib.

Dezinformasiya olduğu təsdiqlənən materiallarda Kremlin xeyrinə, ABŞ-ın və onun müttəfiqlərinin ziyanına təbliğat aparıldığı vurğulanır.

Təbliğatçılar bir qayda olaraq jurnalist, şərhçi, yaxud analitik layihələrin iştirakçısı cildinə girirlər.

Misal kimi “Telegram”da fəaliyyət göstərən “Rıbar” və “İntel Slava Z” kanalları göstərilir. Bu kanallar Rusiyanın fevral ayında Ukraynada başlatdığı müharibənin ilk günündən guya Ukrayna şəhərlərinin ard-arda təslim olduğu, ukraynalı hərbçilərin ruslara könüllü əsir düşdüyü barədə yalan informasiyalar yayır.

Lakin bu iş bir qədər qeyri-peşəkar formada aparılır. Belə ki, polyak dilində olan mətnlərdə çoxlu qrammatik, orfoqrafik səhvlərə yol verilir.

“Disinfo Digest”in qənaətinə görə, polyakdilli kanalları ya ruslar (xüsusi xidmət orqanlarının əməkdaşları, jurnalistlər, hökumətyönlü bloqçular), ya da bilərəkdən və ya bilməyərəkdən Moskvanın təbliğat maşınına xidmət edən, milliyyətcə rus olmayan rusiyapərəst fəallar idarə edir.

Qeyd olunur ki, bəzi polyakdilli kanallar özünü ciddi xəbər portalı kimi göstərməyə və ən geniş təbəqələri əhatə etməyə çalışır.

Bu sırada özünü müstəqil siyasi jurnal kimi təqdim edən “Dziennik Polityczny” adlı kanal xüsusi yer tutur.

Bu kanalı eyni adlı jurnalın redaksiyası açıb. “Dziennik Polityczny” jurnalının ayrıca saytı da var. Həmin sayta gündəlik 80-100 min arası giriş olur. Jurnal “Telegram” kanalını 2021-ci ilin avqustunda yaradıb və bir il ərzində 10 mindən çox abunəçi toplayıb.

“Telegram”dakı “Dziennik Polityczny” kanalını populyarlaşdırmaq cəhdlərinin bir hissəsi də Rusiya və Belarusdan gəlir. Eyni zamanda Polşa ictimaiyyətinin bir qismi internet məkanında, o cümlədən sosial şəbəkələrdə bu kanalın materiallarını yayır.

“Disinfo Digest” layihəsinin ekspertləri “Dziennik Polityczny” kanalında Rusiyanın xeyrinə dezinformasiyaların bilərəkdən yayıldığına şübhə etmirlər. Onlar eyni adlı jurnalın illər boyu Polşaya qarşı dezinformasiya əməliyyatı apardığını xatırladırlar və “Telegram”da kanalın da əməliyyat dairəsini genişləndirmək məqsədilə açıldığını vurğulayırlar.

Ekspertlərin qənaətinə görə, “Dziennik Polityczny” kanalı Polşa cəmiyyətində qorxu, çaşqınlıq yaratmağa, ukraynalı qaçqınlara qarşı ikrah hissi oyatmağa, Ukraynada dövlət institutlarının dağıldığı, orada qanunsuzluğun hökm sürdüyü, habelə Avropa ölkələrinin əslində Ukraynaya dəstək vermədiyi təəssüratı formalaşdırmağa çalışır.