Logo
news content
User
Kateqoriyalar

Xəbər

Təhsilin Diqo səviyyəsi... - Uşaq durub neyləsin?





Bütün dağ kəndləri kimi Diqoya da ilin əksər ayları yağış yağır, qış aylarında isə kənd qarın altında qalır.

Diqolu uşaqlar isə yağış, qar demədən dağ yolları ilə həmin məktəbə getmək zorundadır. Birinci sinifdə oxuyanları nənələri belində qonşu kəndə daşıyır. Bəzən də valideynlər kəndin yeganə sürücüsünə pul ödəyərək uşaqlarını məktəbə maşınla yollayır. Bu isə onlara baha başa gəlir və uşaqlar yenə də öz balaca ayaqları ilə palçığa, qara qalib gəlməyə çalışırlar.



Bu çətinliyin öhdəsindən isə bir çox uşaqlar gələ bilmir. Qəhrəmanımız Şindan kimi...

Ona bu adı atası Şirin kişi qoyub, kəndlərindəki Şindan dağından xoşu gəldiyi üçün. Atası Şirin 3 il ardıcıl onu sentyabr gələndə məktəbə aparıb. Ancaq sənəd problemi yarandığından uşaq təhsilə başlaya bilməyib. Artıq Şindanın 10 yaşı var və o evdə atası Şirindən təhsil alır. Atası isə ona öz həyətlərində olan əşyaların adlarını yazmağı, oxumağı öyrədir: bal, yeşik, çərçivə, xalça, qoyun...

Onun çantası, gündəliyi və bir dəftəri var. Ən böyük problem isə qarşıdan gəlir; artıq atasının bildiyi sözləri Şindan öyrənir, atası isə bundan artığını bilmir.

Diqolu valideynlər özləri də uşaqlıqda palçığa, qara məğlub olduğundan təhsil ala bilməyiblər və bu gün uşaqlarına evdə bundan artığını öyrədə bilmirlər.

Diqo gənclərinin bir çoxu əllərində sənət olmadığından Şindan dağını aşıb İrandan Azərbaycana qanunsuz mal keçirmək istəyərkən həbs olunub.

Görəsən, Şindan atasından öyrəndiyi bir neçə sözlə bu çətin həyata qalib gələ biləcəkmi? Yoxsa o da bir vaxtlar atasının fərəhlə baxıb adını ona qoyduğu Şindan dağını aşıb həbsxanaya düşəcək? (“Qafqazinfo”)