Trampın kürəkəninin hesabına Azərbaycandan milyonlar köçürülüb?
23 Oktyabr 2026
ABŞ-nin “Vanity Fair” jurnalında ölkə Prezidenti Donald Trampın kürəkəni və keçmiş baş müşaviri Cared Kuşner barəsində ciddi rezonans doğuran məqalə dərc olunub.
Sözügedən məqalədə Kuşnerin Yaxın Şərqlə bağlı şeyxlərlə yüz milyonlarla dollarlıq gizli sövdələşmələr həyata keçirdiyi iddia olunub.
Belə ki, jurnalın materialında “Şahzadələr və oğrular: Cared Kuşner və Məhəmməd ben Zayedin Yaxın Şərqi yenidən formalaşdırmaq üzrə gizli sövdələşməsi” adlı kitabdan məlumatlar yer alıb.
İddialara görə, 2018-ci ildə Niderland kəşfiyyatı Kuşnerin “iPhone X” markalı telefonunu sındırmağa nail olub. Kitabın müəllifinə əsasən, bununla da Niderland rəhbərliyi Trampın kürəkəninin Dubayda olan bank hesablarına dair məlumatları ələ keçirib. Mənbə iddia edib ki, həmin hesaba Azərbaycanda fəaliyyət göstərən bankdan yüz milyonlarla dollar vəsait köçürülüb. Bununla yanaşı, C.Kuşnerin guya həmin hesabdan ayrı-ayrı şəxslərə böyük məbləğdə pul köçürdüyü bildirilib.
Haqqında bəhs edilən “Alfa” adlı həmin bank hesabı isə “First Abu Dhabi Bank” bankında açılıb və orada 750 milyon dollar olub. Bildirilib ki, oxşar hesabın İsraildə də açıla biləcəyi ehtimal olunur. İddialara görə, həmin vəsaitlər gizli əməliyyatlar üçün ehtiyat fondu kimi istifadə edilib. Kitabda həmçinin qeyd olunub ki, BƏƏ şeyxi Məhəmməd ben Zayed Əl Nəhyan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman Yaxın Şərqdə qeyri-rəsmi diplomatiya və təsir imkanlarının genişləndirilməsi üçün 2 milyard dollar ayırıb.
Bununla belə, materialda qeyd edilən müqavilələr barədə rəsmi sübut və sənədlər təqdim olunmayıb.
Cared Kuşner öz növbəsində jurnalın materialına münasibət bildirərək orada qeyd olunan məlumatları yalanlayıb və məqalədə hər hansı rəsmi sübut, bank məlumatlarının təqdim edilmədiyinə diqqət çəkib: “Müəllifin irəli sürdüyü iddialar tamamilə absurddur. Biz bu iddiaların hər birini rəsmi şəkildə təkzib etmişik. Bu ittihamları təsdiqləmək üçün heç bir bank çıxarışı, bank köçürməsinə dair qeydlər, hesab nömrələri, əməliyyat tarixləri və ya digər yoxlanıla bilən məlumat təqdim olunmayıb”. (“Qafqazinfo”)