Logo
news content
User
Kateqoriyalar

Xəbər

Spiker imzaladı - Gürcüstanda qalmaqallı qanun qüvvəyə minib

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Xarici təsirin şəffaflığı haqqında” qanunu imzalayıb.

Bununla da Gürcüstanda mübahisəli qanun layihəsi qüvvəyə minib.

Parlament sədri Şalva Papuaşvili bildirib ki, qanunun əsas məqsədi Gürcüstanın siyasi, iqtisadi və sosial sistemlərinin xarici müdaxilələrə qarşı dayanıqlılığını gücləndirməkdir.

“Bu gün qanun layihəsini imzaladım. Qanunun yanaşması sadə və aydındır. Qeyri-hökumət təşkilatları və media xarici hökumətlərin maliyyəsi ilə qərarların qəbulu prosesində iştirak etmək və gürcü xalqının həyatına təsir etmək istəyirsə, minimum şəffaflıq standartına cavab verməlidir - əhali hər bir aktorun arxasında kimin dayandığını bilməlidir”, - Papuaşvili deyib.

Qanun layihəsinə əsasən büdcəsinin 20%-dən çoxu ölkə xaricindən maliyyələşən qeyri-kommersiya təşkilatları, media orqanları “xarici qüvvənin maraqlarını həyata keçirən” təşkilat kimi reyestrdən keçməli və hər il maliyyə bəyanatı dərc etməlidir.
Reyestrdən keçməkdən yayınmaya və ya maliyyə bəyanatı verməməyə görə 25 min lari (təxminən 15 min manat) cərimə nəzərdə tutulur.

Xatırladaq ki, Gürcüstan parlamenti mayın 14-də “xarici agentlər” qanunu kimi də tanınan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Lakin Prezident Salome Zurabişvili mayın 19-da qanuna veto qoyub. Parlament mayın 28-də Prezidentin vetosunu aradan qaldırıb. Parlament qanunu imzalanması üçün Prezident administrasiyasına göndərsə də, Prezident Zurabişvili onu imzalamaqdan imtina edib. Bu səbəbdən qanun layihəsini parlament sədri Şalva Papuaşvili imzalayıb.