Solovyov, Simonyan, Kiselyov və... Medvedev - Həbsləri üçün order istənildi
07 İyun 2024
Beynəlxalq İnsan Haqları Federasiyası (FIDH) və tərəfdaşları Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Prokurorluğuna məktublarında altı rusiyalı təbliğatçının həbsinə order verilməsini xahiş ediblər.
Bu barədə təşkilatın press-relizində bildirilib.
Hüquq müdafiəçiləri teleaparıcı Vladimir Solovyovun, RT telekanalının baş redaktoru Marqarita Simonyanın, “Rossiya seqodnya” media qrupunun rəhbəri Dmitri Kiselyovun, radio və teleaparıcı Sergey Mardanın, habelə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin həbsinə order verilməsini tələb ediblər.
Bəyanat müəlliflərinin fikrincə, onların hamısı Ukraynada dinc əhaliyə qarşı nifrətin yayılması kampaniyasında iştirak edərək Rusiyanın hərbi cinayətlərinə töhfə verirlər. Hüquq müdafiəçiləri deyirlər ki, bu hərəkətlər insanlığa qarşı cinayət kimi təsnifatlandırıla bilər.
FIDH həmçinin hesab edir ki, Rusiya Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Aleksey Qromov (Rusiya televiziyasında dövlət təbliğatına cavabdeh şəxs) da ukraynalıların nifrət nitqi ilə təqib edilməsinə görə məsuliyyət daşıyır.
Müraciət çərçivəsində hüquq müdafiəçiləri 24 fevral 2022-ci il və 24 fevral 2024-cü il tarixləri arasında rusiyalı təbliğatçıların bəyanatlarının iki mindən çox videoyazısını təhlil ediblər. Ümumilikdə, FIDH və tərəfdaşları ukraynalılara qarşı nifrət nitqi hesab edilən 300-dən çox bəyanat təsbit ediblər. FIDH araşdırmasının nəticələri BCM Prokurorluğuna göndərilib.
“Hər gün ukraynalılar Rusiya bombaları altında ölürlər, işğal olunmuş ərazilərdəki ukraynalı mülki şəxsləri saxlayır və işgəncə edirlər, ukraynalı uşaqları Rusiyaya deportasiya edirlər, hamısı ona görə ki, Rusiya onları “rus dünyasının” bir hissəsi etmək istəyir”, – hüquq müdafiəsi təşkilatının vitse-prezidenti və Vətəndaş Azadlıqları Mərkəzinin sədri Aleksandr Matviyçuk vurğulayıb. Onun sözlərinə görə, sözügedən hüquq pozuntuları “Ukrayna vətəndaşlarının öldürülməsində tətiyi çəkənlər qədər günahkar olan Rusiya təbliğatçılarının dehumanizasiya kampaniyası olmadan mümkün olmazdı”.
Xatırladaq ki, ötən ilin mart ayında Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putin və Rusiyanın uşaq ombudsmanı Mariya Lvova-Belova həbsinə order verib. Onlar Ukraynanın işğal olunmuş ərazilərindən uşaqları qanunsuz olaraq Rusiyaya deportasiya etməkdə şübhəli bilinirlər.