Logo
news content
User
Kateqoriyalar

Xəbər

Silahlı Qüvvələr Günündə Aerokosmik Modelçilik Festivalı - 2025 keçiriləcək

İyunun 26-da Bakı şəhəri Xəzər rayonu Hövsan qəsəbəsində yerləşən Aviamodellərin uçuş meydançasında “Aerokosmik Modelçilik Festivalı - 2025” keçiriləcək. Festivalın təşəbbüsçüsü “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai birliyidir.

Sayca üçüncü olan festival 2 turdan ibarət olmaqla, ümumilikdə 10 növ üzrə keçiriləcək. Bunlar, müvafiq olaraq, raket modelçiliyi üzrə; S-3-B Paraşüt, S-3-C Paraşüt, S-4-D Raketaplan, S-6-A Paraşüt, S-6-B Streamer, S-6-C Streamer, əlavə olaraq Peyk (CubeSat), Startap (Aerokosmik sahədə), Dron, Təyyarə modellərindən ibarətdir. 

Tədbirdə həmçinin, intellektual viktorina və aviaşou xarakterli helikopter və təyyarə modellərinin nümayişi nəzərdə tutulmuşdur. Aerokosmik Modelçilik Festivalında iştirakçılara texniki idman növü kimi aerodinamika, aerokosmik mühəndislik, elektronika və mexanika sahəsində biliklərini praktik olaraq təkmilləşdirmək üçün şərait yaradılacaq.

Əvvəlki illərdən fərqli olaraq, bu il Azərbaycanın tarixində ilk dəfə olaraq raket modelçiliyində, S-4-D Raketoplan kateqoriyası üzrə yarış keçiriləcək. Bu növ FAI-nin tələblərinə uyğun olaraq beynəlxalq dərəcəli kateqoriya sayılır. 

Bundan başqa festivalda ilk dəfə olaraq Aerokosmik sahədə startaplar da yarışacaq. Bu isə gənclərə öz layihələrini gələcəkdə kommersiyalaşdırmağa imkan verəcək.

Festivalın əsas məqsədi və fəaliyyət istiqaməti, Azərbaycanda raket və peyk modelçiliyi idmanının kütləviləşməsinə və inkişafına kömək etmək, innovativ gənclərin hərtərəfli və ahəngdar inkişafında və sağlam həyat tərzinin formalaşmasında bu texniki idman növünün rolunu artırmaqdan ibarətdir. Yüksək texnologiyalara əsaslanan raket və peyk modelçiliyi texniki idman növü təmiz havada intellektual aktivliyi və fiziki fəaliyyəti özündə birləşdirir. Yarışlar fərdi və komanda halında olmaqla, uçuşun hündürlüyü və müddəti, eniş dəqiqliyi üzrə keçirilir. Hazır modellərin aidiyyəti yarış səviyyəsi üzrə raketin və ya peykin detallılıq dərəcəsi və uçuşun reallığı qiymətləndirilir.

Festivalən 26 iyun 2025-ci il tarixdə, səhər saat 10:00-dan, 18:00-dək davam etməsi planlaşdırılır. Yarış zamanı, beynəlxalq qaydalara uyğun olaraq, texniki təhlükəsizliklə bağlı lazımi tədbirlər görüləcək. Bununla yanaşı, keçən il olduğu kimi, bu ildə FHN XRXX-nin Pirotexnika şöbəsinin əməkdaşları öz xidməti maşınları ilə tədbirdə tərəfdaş kimi iştirak edəcəklər. İctimai asayişin qorunması DİN əməkdaşları tərəfindən müvafiq qayda da həyata keçiriləcək.

Festival Hava Nəqliyyatı Baş Gömrük İdarəsi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xəzər Rayon İcra Hakimiyyəti, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, İnnovasiyalar Mərkəzi, YAŞAT Fondu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “Azərkosmos”, Aviasiya Akademiyası, “Aselsan-Bakü”, Hədəf STEAM Liseyi, IT INNOVATIONS, “Nəgiz” kliniksı, AzST, RC NASCAR-ın tərəfdaşlığı ilə baş tutacaq.

Festivalın keçiriləcəyi gün saat 09:30-dan 18:00-dək “Koroğlu” metro stansiyasından bir saat intervalla Avia-Modellərin Uçuş Meydançasına vətəndaşların rahat gedib qayıda bilmələri üçün pulsuz nəqliyyat təşkil olunacaq.

Məkanın koordinatı: Xəzər rayonu, Avia-Modellərin Uçuş Meydançası:

https://maps.app.goo.gl/CPScabNDM5Yv7ESh9?g_st=aw