SEPAH Hörmüzdən keçməyə çalışan altı gəmini saxladığını bildirir
28 İyul 2026
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iyulun 27-si səhər tezdən Fars körfəzindən çıxaraq Hörmüz boğazından keçməyə çalışan altı gəminin qarşısını aldığını bildirib. Məlumatı İran dövlət mediası yayıb.
"Bazar ertəsi, iyulun 27-si səhər saatlarında qaydanı pozan altı gəmi naviqasiya və mövqetəyinetmə sistemlərini söndürərək Hörmüz boğazının cənubundakı qanunsuz və təhlükəli marşrut üzrə keçməyə cəhd göstərib", – İranın Dövlət Yayım Agentliyi (IBA) "Telegram" kanalında yazıb.
Məlumatda söhbət Hörmüz boğazının Oman sahillərinə yaxın cənub hissəsindən gedir. Oman rəhbərliyi həmin ərazidə beynəlxalq gəmiçilik qaydalarının tətbiq olunduğunu açıqlayıb. İran isə gəmilərin yalnız SEPAH-ın müəyyən etdiyi marşrut üzrə üzməli olduğunu bildirir.
IBA onu da yazıb ki, altı gəmidən biri "qəza ilə üzləşib". Bu məlumatı hələlik başqa heç bir mənbə təsdiqləməyib.
İyulun 26-da SEPAH-a yaxın "Tasnim" agentliyi Hörmüz boğazında bir neft tankerinin dəniz minasına toxunduqdan sonra partladığını iddia etmişdi.