Səndən, məndən ötən balta – Ramilə Qurbanlı yazır
25 İyul 2024
Vətən yalnız torpaqdan ibarət deyil. Vətən sənsən, mənəm, bizik, bizim böyüklərimiz, övladlarımızdır. Biz təbiətin bir zərrəsi, tərkib hissəsi, təbiət bizim küll halımızdır. Flora, fauna, insan... Məndən ötdüsə, xəta sovuşdu deyə sevinmək yanlışdır. Səndən ötən övladına dəyməsə, övladının gələcək həyat yoldaşına, övladının övladına, nəvənin atasına, deməli bumeranq effekti ilə sənə dəyəcək.
Narkotik satanın özü ondan istifadə etmirsə, bu o demək deyil ki, o öz yaratdığı bəladan uzaqdır... başqasını bədbəxt edir...
Keyfiyyətsiz ərzaqla, yağla, ətlə milləti zəhərləyən iş adamı da öz satdığını yemədiyi üçün bəxtəvər deyil. Onun qızı, oğlu ilə evlənəcək gənc həmin bumeranqı mütləq geri qaytaracaq... Misal çoxdur. Gəlirəm mətləbə.
Sosial şəbəkələrdə, dolayısı ilə cəmiyyətdə bir balta kabusu dolaşır. Balta gəzir, atılır, hətta uçur. Ona görə də kameralara da yaxşı düşür. Bilmirəm, kimin baltasıdır, haradan peyda olub. Mən baltanın bu qüdrətini ilk dəfə Dostoyevskinin Raskolnikovunun əlində görmüşəm. Onda da cəmiyyətin psixoloji durumu indiki kimi olub, əsər yazılanda. Hərçənd, yazanın özü də o durumun “məhsuludur”. Amma heç olmasa, o görüb qələmə alıb ki, qəhrəmanlarının özlərini onlara göstərsin.
İndi baltanın qüdrəti daha da artıb, uçmağından belə bəlli olur. O dolaşdıqca hamı baxıb sevinir, nədənsə. Məşhur müğənnimizlə bağlı məlum hadisənin görüntülərinə baxıram, davanın qızğın vaxtında əlində telefon laqeydliklə çəkiliş aparanlar var. O hadisədə bir adamın bir baltanı bir adama atdığını görürük, amma əlində telefon biganəliklə çəkiliş aparan, hələ tamaşaçı ədası ilə replika atanların minlərlə, milyonlarla adama atdlıqları baltanı görən yoxdur. Onun bir gün haradasa hamımızın təpəsinə enəcəyi heç kimin ağlına gəlmir, hər kəs düşünür ki, məndən uzaqdır və “başqasının faciəsi”ni əlindəki telefonun kameralarına köçürür. Əlində kamera olanın faciəsi daha böyükdür.
Fərqi yoxdur, kimin əlindən uçub o balta, kimə tərəf uçub. Kim günahkardır, kim qurban? Bunu araşdırıb tapmaq hüququn işidir, hərçənd, əlinə döndüyüm hüquq da əvvəlcə xəbəri cəmiyyətə ötürüb çeynədir, sonra götürüb udur. Cəmiyyətin fərdləri isə məsələni futbol topu kimi biri birinə ötürə-ötürə gah ittiham edir, gah tərəf tutur, ən ağlamalısı da odur ki, lağa qoyur. Kimə gülürsən..?
Son illər sıralarımızdan getməyə növbə gözləyən çiyindaşlarımızın başına gələnləri - bir daha vurğulayıram, eyni sırada durduqlarımızın - kameraya köçürüb sosial şəbəkədə lağlağıya qoymaqda rekord qırmışıq. Bir gün mövqelər dəyişəcək, sənin çəkdiklərin səni çəkəcəklər, çünki eyni qazanda qaynayırıq.
Nə qədər gec deyil, qazanın içindəkilərin “sağlam qida” olmasına biz də bir töhfə verək, bəlkə...
Böyük Məmməd Araz köməyimiz olsun:
Səndən ötən mənə dəydi,
Məndən ötən sənə dəydi.
Səndən, məndən ötən… BALTA
Vətən, vətən, sənə dəydi...
Ramilə Qurbanlı