Logo
news content
User
Kateqoriyalar

Xəbər

"MeydanTV"çilərin həbs müddəti uzadılıb

İyunun 24-də Xətai rayon Məhkəməsində "MeydanTV işi" ilə bağlı tutulan jurnalistlərin həbs müddətinin artırılması ilə bağlı prokurorun vəsatətlərinə baxılıb.

Ayrı-ayrı keçirilən proseslərdə Aygün Qəmbərova (Elgünəş) və Nurlan Qəhrəmanlının (Libre) həbs müddəti daha 3 ay uzadılıb.

Müdafiə tərəfi vəsatətə etiraz edib, həbs müddətinin artırılmasına ehtiyac görməyib. Vəkillər hesab edirlər ki, sözügedən jurnalistlər heç bir cinayətə yol verməyiblər. Müdafiə tərəfinin gəldiyi nəticəyə görə, jurnalistlər qaçaqmalçılıqda ittiham edilsələr də, ortaya heç bir tutarlı sübut qoyulmayıb.

Prosesdən sonra A.Elgünəşin vəkili Elçin Sadıqov Azadlıq Radiosuna deyib ki, qərardan apellyasiya şikayəti verəcəklər.

Elə həmin gün Xətai rayon Məhkəməsində "MeydanTV işi" ilə bağlı tutulan digər jurnalistlərin də həbs müddətləri 3 ay artırılıb. Söhbət Ramin Deko (Cəbrayılzadə), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, Şəmşad Ağa, Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirovdan gedir.

Onlardan ən sonuncu Ü.Əli mayın 7-də həbs edilib. Onun haqqında 1 ay 29 günlük həbs-qətimkan tədbiri seçilmişdi. O da, digərləri kimi, ittihamı qəbul etmir.

MeydanTV-nin əməkdaşları – Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Natiq Cavadlı, Aytac Əhmədova (Tapdıq), Xəyalə AğayevaRamin Cəbrayılzadə (Deko) ötən il dekabrın 6-dan həbsdədirlər. Onlarla yanaşı, Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov da həbs olunub. Onların hər birinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Adları çəkilən şəxslərdən başqa, fevralda daha üç jurnalist də "MeydanTV" ilə bağlı cinayət işi üzrə tutulub. Fevralın 4-də Şəmşad Ağayev, fevralın 20-də Nurlan Qəhrəmanlı (Libre), fevralın 28-də isə Fatimə Mövlamlı saxlanıb.