Şəfəq qəsəbəsində binada partlayış olub, bir nəfər yaralanıb
04 Oktyabr 2026
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yeddimərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 62 kv.m. olan 2 otaqlı mənzildə yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən edilib.
Partlayış nəticəsində evə ziyan dəyib, 1 kv.m sahədə ev əşyaları yanıb, 1 nəfər xəsarət alıb. FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.