
Sarkisyan Paşinyanı devirmək üçün savaşacağını deyir
17 Aprel 2025
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan sələfi və müxalifət lideri Robert Koçaryanın siyasi müttəfiqləri ilə söz savaşını davam etdirib. O, ölkədə rejim dəyişikliyi uğrunda savaşacağını vəd edib. Bu haqda AzadlıqRadiosunun erməni xidməti yazır.
Son aylar Sarkisyanla Koçaryanın rəhbəri olduğu müxalifət qrupları bir-birinə qarşı ittihamlar səsləndirirlər. Onlar bir-birini 2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlişinə yardımda suçlayırlar.
Sarkisyan aprelin 14-də Ermənistan Respublika Partiyasının (HHK) 35-ci ildönümü tədbirində Koçaryanın adını çəkməsə də deyib ki, onun tərəfdarları küçə etirazlarına qatılaraq Sarkisyanın istefaya məcbur edilməsində rol oynayıblar, ona görə də Paşinyanın sonrakı illər Ermənistana və Dağlıq Qarabağa yaşatdıqlarında əlbirdirlər. Onun sözlərinə görə, indi də onlar "çox uzaq olmayan keçmişlərini təmizləmək" üçün onu 2018-ci ilin "məxməri inqilab"ında ittiham edirlər. Sarkisyan həmin şəxsləri gələcək seçkilər ərəfəsi müxalifətin səslərini oğurlamağa çalışmaqda ittiham edib.
Koçaryanın siyasi komandasının üzvləri, hələlik, ittihamları cavablandırmayıblar.

Hər iki keçmiş prezident Qarabağda doğulub, 1991-1994-cü illər müharibəsində regiona başçılıq ediblər. Yerevana köçdükdən sonra 1990-cı illərin sonlarında hökumətdə yüksək vəzifə tutublar. Koçaryan 2008-ci ildə ikinci prezidentlik müddətini bitirəndən sonra hakimiyyəti Sarkisyana verib.
Sarkisyan Yerevandakı çıxışında Ermənistanın indiki hökumətini də tənqid edib, onu "yalan danışmaq üzrə dünya çempionu" adlandırıb. O deyib ki, Paşinyan xarici qüvvələrin planlaşdırdığı qəsdin tərkib hissəsi olaraq hakimiyyəti ələ keçirib.
"Onlar sülh vəd etdilər, müharibə gördük. Rifah vəd etdilər, mühacirət gördük. Onlar Artsaxı (ermənilər Qarabağa belə deyirlər- red.) müdafiə edəcəklərini vəd etdilər, amma onu təslim etdilər", – 70 yaşlı eks-prezident söyləyib.
Sarkisyan məqsədinin aydın və dəyişməz qaldığını – əsas hədəfin kapitulyativ hakimiyyətdən qurtulmaq olduğunu bildirib.
Paşinyanın "Vətəndaş sazişi" partiyasının aparıcı üzvü, parlamentin spiker müavini Ruben Rubinyan isə Sarkisyanın dediklərinə istehza edib. O yada salıb ki, Paşinyanı 2018-ci ildə parlament baş nazir seçib, HHK-dan deputatlar onu qətiyyətlə dəstəkləyiblər.
"Hakimiyyət qəsbi olubsa, deməli, Serj Sarkisyan da bunda iştirak edib. Bunu xarici qüvvələr gerçəkləşdiribsə, demək, Serj Sarkisyan və Respublika Partiyası xaricdən həyata keçirilən dövlət çevrilişində iştirak edib", – Rubinyan bildirib.