Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sankt-Peterburqda məktəblini "terrorçular və ekstremistlər"' siyahısına salıblar


Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal Xidməti (Rosfinmonitorinq) Sankt-Peterburqdan 14 yaşlı Viktor Kalinini "terrorçular və ekstremistlər" siyahısına salıb. Siyahıdakı yenilikləri izləyən Telegram kanalı bildirir ki, o, bu siyahıda yer alan ən gənc şəxsdir.

AzadlıqRadiosunun rus xidməti yazır ki, böyük ehtimalla, söhbət iyulun əvvəlində dəmir yolunda rele şkafını yandırmaqda şübhəli bilinən yeniyetmədən gedir. Cinayət işi ilə bağlı rəsmi məlumat açıqlanmayıb.

"Rosfinmonitorinq"in siyahısına salınmaq şəxsin terrorçu və ya ekstremist kimi tanınması demək deyil. Belə qərarı yalnız məhkəmə çıxarır. Adətən insanları istintaq mərhələsində bu siyahıya daxil edirlər. Bundan sonra onların bank hesabları bloklanır, ödəniş kartlarından istifadə, maliyyə əməliyyatları aparmaq, daşınmaz əmlakla bağlı sövdələşmələr etmək imkanları məhdudlaşdırılır.

Hüquq müdafiəsi ilə məşğul olan "Pervıy Otdel" layihəsinə görə, "Rosfinmonitorinq"in siyahısında yetkinlik yaşına çatmayanların sayı sürətlə artır. 2026-cı il iyunun 7-dək siyahıda 21.6 mindən çox şəxs, o cümlədən yaşı 14-17 arası 465 yeniyetmə olub. Ümumilikdə azı 779 nəfər 18 yaşına çatmamış bu siyahıya daxil edilib.

Onların təxminən 97 faizi Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan sonra siyahıya salınıb.

2022-ci ildən əvvəl hər il bu siyahıya ən çoxu 15 azyaşlı daxil edilirdi. 2024-cü ildə bu rəqəm 141-ə, 2025-ci ildə 354-ə, 2026-cı ilin ilk beş ayında isə 200-ə yüksəlib. 2025-2026-cı illərdə siyahıya yeni daxil edilən hər 12 nəfərdən təxminən biri yetkinlik yaşına çatmamış şəxs olub.

Hüquq müdafiəçiləri bu artımı cinayət işlərinin hüquqi təsnifatının dəyişməsi ilə əlaqələndirirlər. Müharibədən öncə rele şkaflarının, hərbi komissarlıqların yandırılması və buna bənzər əməllər əsasən xuliqanlıq və ya əmlaka ziyan vurma sayılırdı. Müharibə başlayandan bu pozuntular kütləvi şəkildə terrorçuluq və diversiya maddələri ilə araşdırılmağa başlanıb. Bu maddələrin bir qismi üzrə cinayət məsuliyyəti 14 yaşdan başlayır.

Rusiyada terrorçuluq maddəsi ilə təqsirli bilinən şəxslərə ömürlük həbs cəzası kəsilə bilər. Ekstremizmə görə iki maddə üzrə cinayət məsuliyyəti, 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.