Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sanksiyalar əbədi deyil, amma…

Ukraynaya total təcavüzə əl atan Rusiya dünya birliyinin ağır iqtisadi sanksiyaları ilə üzləşib. Ölkənin bir çox iri bankı asan vəsait köçürülməsi sistemindən (SWİFT) çıxarılıb, Mərkəzi Bankın vəsaitlərinin bir hissəsi dondurulub, Rusiyadan neft, neft məhsulları və təbii qaz idxalına qismən embarqo tətbiq edilib, ölkə ilə ticarət mexanizmləri sərtləşib, xeyli xarici şirkət Rusiyadakı fəaliyyətini dayandırıb.

Prezident Vladimir Putin başda olmaqla bir çox rəsmini əhatə edən fərdi sanksiyalar da var.

Martın 16-da ABŞ-ın Milli İctimai Radiosuna (National Public Radio) müsahibə verən dövlət katibi Entoni Blinken Rusiyaya tətbiq olunmuş sanksiyaların götürülməsi üçün əsas şərti açıqlayıb.

Blinken sanksiyaların əbədi olmadığını vurğulayıb: “Sanksiyaların götürülməsi üçün Rusiya müharibəni dayandırmalı, qoşunlarını Ukraynadan çıxarmalıdır. Ancaq bu da kifayət deyil. Gələcək üçün etibarlı öhdəliklər vacibdir. ABŞ Rusiyanın bir daha təcavüzə əl atmayacağına tam əmin olmalıdır”.

2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını zəbt edərək özünə birləşdirib, Donbas bölgəsinin bir hissəsində iki separatçı rejim qurub. 2022-ci il fevralın 21-də Rusiya “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adları verilmiş həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlara başlayıb. Ukrayna əraziləri işğal edilir, ölkənin hərbi və mülki obyektlərinə zərbələr endirilir, paytaxt Kiyev daxil olmaqla şəhərlər bombalanır.