Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sanksiya bataqlığı və vəhşi müharibə

 Natiq Cəfərli

Rusiyaya yeganə təsirli “sanksiya” neft-qaz qiymətlərinin düşməsi, rubla təsir edən yeganə addım xarici şirkətlərin Rusiya bazarından çıxması deyil, satışlarını artırması ola bilərdi. Qərbin Rusiyaya sanksiyalarının qısa zamanda heç bir təsiri yoxdur, orta və uzun zamanda təsiri olacaq, amma buna 2 il və daha artıq vaxt gərəkdir – bəs Ukraynanın bunca dözmək imkanı varmı?

Qərb hər şeyi tərsinə edir, çünki postsovet toplumunu, əsas da Rusiya xalqını çözə bilməyib, hələ də anlamır ki, Rusiya əhalisinin 80 faizi “Putinlərdən” ibarətdir, camaat elə Putin deyəni deyir.

Neft sanksiyası qoydular – qiymət artdı, bu gün Rusiya nefti Hindistana və Çinə satır. Bəli, təqribən 20-30 faiz ucuz satır, amma ən azı bir barreldən 80-90 dollar götürə bilir, Rusiyada bir barrel neftin maya dəyəri 10-14 dollar arasıdır.

Qaza sanksiya qoydular – qazın qiyməti Qərbdə kəllə-çarxa çıxdı, Rusiya necə qaz satırdı, elə də satır, amma 2019-cu ildə kubmetrini ortalama 240 dollara satdığı qazı 2021-ci ilin sonundan bu günə ortalama 1000 dollara nəql edir.

Yanvar-iyun aylarında Hindistan Rusiyadan neft idxalını 50 dəfə artırıb. Ukrayna müharibəsinə qədər Hindistan ümumi istehlak etdiyi neftin cəmi 0,2 faizini Rusiyadan alırdı, indi bu rəqəm 11 faizə yaxınlaşıb.

Çin isə Rusiyadan neft idxalını 56 faiz artırıb – nəticədə neftlə, benzin qiymətləri ilə bağlı problem Qərbdə – Avropa və ABŞ-da yaşanır.

Hələ mən onu demirəm ki, Qərb şirkətlərinin özləri də hiyləgər sxem qurub pul qazanırlar – neftlə 49 faiz dolu tanker Rusiyadan çıxır, sonra ərəb ölkələrinin birinin limanında tam doldurulur, gəminin nömrəsi və identifikasiya kodu dəyişdirilir, sonra həmin neft Qərbdə satılır.

G7 ölkələri Rusiyadan qızıl almağa qadağa qoyulması təklifi qəbul edir, bu qərarın Rusiyaya 19 milyard dollar ziyan vuracağını söyləyirlər – amma yenə səhv hesablayırlar, Rusiya indi qızılı Qərbə deyil, Hindistana satacaq, zatən dünyada fiziki qızılı ən çox alan ölkə Hindistandır. Yəni Rusiya heç nə itirməyəcək, Qərbə satdığı qızılı indi Hindistan və Çinə satacaq.

Hələ Ukrayna müharibəsindən öncə də dəfələrlə yazmışam – Rusiyanı zəiflətmək üçün onu pisikdirmək yox, qucaqlayıb “boğmaq” lazımdır. İndi orta-uzun zamanda Rusiya zəifləyəcək, amma dünya və Ukrayna uzun zaman davam gətirə biləcəkmi?

Qərbin ən güclü yeri demokratiya, seçki olduğu kimi ən zəif yeri də məhz seçki və demokratiyadır – dünyada qiymət artımı, inflyasiya, qeyri-sabitlik demokratiyalara zərbə vurur, indiki hakimiyyətləri zəiflədir, növbəti seçkilərdə məğlubiyyətlərinə zəmin hazırlayır.

Putin kimi diktatorun isə seçki və demokratiya dərdi yoxdur, ondan bunu tələb edən toplum da yoxdur, ona görə də demokratiyanın “yan təsirlərindən” sığortalanıb vəhşi kimi müharibə aparır… (Novator)