Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sabirabadda evdə yanğın zamanı 4 nəfər yanaraq ölüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar telefon xəttinə Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.

Bu barədə Pressklub.az-a FHN-dən bildirilib.

Məlumatla əlaqədar FHN-in müvafiq xilasetmə qüvvələri yanğın yerinə cəlb olunublar.

İlkin məlumata əsasən, yanğın ikimərtəbəli fərdi yaşayış evində baş verib. Yanğının kəşfiyyatı zamanı 4 nəfərin meyiti aşkar olunub. Ölənlər Muğan Gəncəli kənd sakinləri; 1989-cu il təvəllüdlü İmanov Tural Ağasəf oğlu, 2002-ci il təvəllüdlü İmanova Safalı Qorxmaz qızı, 2020-ci il təvəllüdlü İmansoy Osmanbəy Tural oğlu və 2024-cü il təvəllüdlü İmansoy Esma Tural qızıdır.

Yanğın söndürülüb, ətrafda olan tikililər yanğından mühafizə olunub.

Artıq yanğının ilkin səbəbləri məlum olub. Yanğın gecə saatlarında evdə elektrik naqillərində olan qısaqapanmadan baş verib. Gecə saatları olduğundan evdə olan şəxslərin 4-ü də yuxuda olub.

FHN-in müvafiq xilasetmə qüvvələri yanğın yerinə cəlb olunublar və yanğın söndürülüb. Yanğının kəşfiyyatı zamanı məlum olub ki, ev İmanova Bahar Niyaz qızına məxsus olub. Evdə yanğın zamanı olan ev sahibinin oğlu Tural İmanov, gəlini Safalı İmanova və nəvələri- 2020-ci il təvəllüdlü Osmanbəy İmansoy və 2024-cü il təvəllüdlü Esma İmansoy yanaraq ölüb.

Hazırda faktla bağlı Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.