"Rusiyanı silahımızla vura bilərsən" - Almaniya da Ukraynaya yaşıl işıq yandırdı
01 İyun 2024
Almaniya hökuməti Rusiya ərazisindəki hədəflərə zərbə endirmək üçün Ukraynaya Almaniyanın ona göndərdiyi silahlardan istifadə etməyə icazə verib, mayın 31-də hökumətin rəsmi nümayəndəsi Steffen Hebeştrayt bildirib.
"Yaxın müttəfiqlərimizlə və Ukrayna hökumətilə sıx dialoq şəraitində hərbi əməliyyatların inkişafına uyğun olaraq dəstəyimizi daim tənzimləyirik", - o deyib.
Hebeştraytın sözlərinə görə, son həftələrdə Ukrayna hücumlara, əsasən də Xarkov vilayətində hücumlara məruz qalıb. Bu hücumlar Rusiya sərhədinə bitişik mövqelərdən "hazırlanıb, koordinasiya edilib və həyata keçirilib". "Biz əminik ki, Ukraynanın beynəlxalq hüquqa uyğun olaraq bu hücumlardan qorunmağa haqqı var", - o deyib.
Ukraynaya göstərilən hərbi yardımın həcminə görə ABŞ-dan sonra ikinci yeri tutan Almaniya ağır artilleriya və raket qurğuları daxil olmaqla, ölkəyə çox sayda hərbi texnika göndərib. Ancaq indiyədək Berlin münaqişənin eskalasiyasından ehtiyat edərək Kiyevin Rusiya hədəflərinə zərbə endirmək üçün Almaniya silahlarından istifadə etməsinə icazə verməkdən imtina edirdi.
Cümə günü Praqada çıxış edən NATO-nun baş katibi Yens Stoltenberq Ukraynaya göndərilən silahların Rusiya ərazisinə zərbə endirilməsi üçün istifadə olunmasına razılıq verilməsilə bağlı ABŞ-ın qərarını alqışlayıb. O qeyd edib ki, "Ukraynanın özünümüdafiə hüququ var və bu, Rusiya ərazisindəki qanuni hərbi obyektlərə hücum etmək hüququnu da əhatə edir".