Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyadan uğursuz hücum cəhdləri, Ukrayna isə əks-hücuma keçib

Rusiya qoşunları Lisiçanskı mühasirəyə almağa çalışırlar, lakin həmlə zamanı səhvə yol verib uğursuzluğa düçar olurlar. İşğalçı qüvvələr Siverski Donets üzərindən iki körpünü ələ keçirməyə cəhd etməli olduğu halda onları dağıdıblar.

Bu barədə Müharibə Araşdırmaları İnstitutunun (MAİ) gündəlik təhlil məlumatında qeyd olunub.

Bildirilib ki, Rusiya qüvvələri ağır artilleriya atəşinin yardımı ilə Severodonetsk və onun ətrafına quru hücumlarını davam etdirirlər, lakin iyunun 12-nə kimi onlar şəhər üzərində tam nəzarəti bərqərar etməyiblər. Həmçinin rusiyalılar Vrubivka və Mikolaivkada uğursuz hücum əməliyyatları keçiriblər.

Analitiklərinin fikrincə, işğalçı qüvvələr, yəqin ki, ya Toşkivka ərazisindən, ya da Popasnadan şimala keçərək Lisiçanskı mühasirəyə ala və ya Siverski Donetsinin qərb sahilindən hücuma keçə biləcəklərini güman edirlər.

Eyni zamanda Rusiya qoşunlarının Toşkivkaya növbəti hücum cəhdi də uğursuz alınıb.

İşğalçılar Severodonetsk və Lisiçansk arasında Siverski Donets çayı üzərindən iki körpünü dağıdıblar və üçüncü körpünü də kütləvi atəşə tuturlar:

“Rusiya qoşunları prinsipcə körpüləri dağıtmağa yox, ələ keçirməyə çalışmalıdırlar, çünki onların Siverski Donets çayını keçməkdə problemləri var. Onlar Severodonetskdə ukraynalı müdafiəçilərin qarşısını kəsərək onların qaçış yolunu kəsməyə ümid edə bilərlər, lakin çətin ki nisbətən az sayda Ukrayna hərbçisinin ələ keçirilməsinin faydası çay üzərindən keçid yaratmaqdan daha əlverişlidir”.

Analitiklər vurğulayıblar ki, Rusiya qüvvələri İzyumla Slovyansk arasında yerləşən Dovgenke, Dolina və Mazanivkada da irəliləməyə uğursuz cəhdlər ediblər.

Ukrayna hərbçiləri isə müəyyən istiqamətlərdə əks-hücum əməliyyatına başlayıblar.

Bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı amerikalı həmkarı Mark Milli ilə telefon danışığında bildirib.

Onun sözlərinə görə, şiddətli döyüşlərin getdiyi Severodonetskdə Rusiya hərbçilərinin hücumu dəf edilib, Ukrayna Silahlı Qüvvələri öz mövqelərini saxlamaqda davam edir: “Düşmən əsas səylərini Luqansk vilayətinin şimalında cəmləyib. O, kütləvi şəkildə artilleriyadan istifadə edir və təəssüf ki, onqat atəş üstünlüyünə malikdir. Amma hər şeyə rəğmən biz mövqelərimizi tutmağa davam edirik. Orada Ukrayna torpağının hər metri qanla sulanır, təkcə bizim deyil, işğalçının da”.

Baş komandan əlavə edib ki, xüsusilə Severodonetsk şəhərində vəziyyət ağırdır. Onun sözlərinə görə, Rusiya həmin əraziyə 7 tabor taktiki qrupu yerləşdirib, lakin güclü atəşə baxmayaraq, Ukrayna hərbçiləri işğalçıların qarşısını ala bilib.

O qeyd edib ki, Luqansk istiqamətində uğursuzluğa düçar olan Rusiya qoşunları Xarkov şəhərinin yaşayış məntəqələrini atəşə tutmağa başlayıb. Eyni zamanda işğalçılar Ukrayna müdafiə qüvvələrinin Çerniqov və Sumı vilayətlərindəki bölmələrini artilleriya və minaatanlardan atəşə tutmağa davam edir.

V.Zalujnının sözlərinə görə, hazırda cəbhə xəttinin uzunluğu 2 450 km-ə çatır, onlardan 1 105-də aktiv döyüş əməliyyatları gedir.