Son 48 ildə ilk: İran ABŞ-dən təzminat aldı
25 Oktyabr 2026
İran İslam inqilabından sonrakı 48 il ərzində ilk dəfə ABŞ-yə qarşı məhkəmə prosesində qalib gələrək müsadirə yolu ilə əmlak əldə edib.
"Fars" agentliyi xəbər verir ki, bu barədə "EB Evi" qeyri-hökumət təşkilatının baş direktoru Həmid Haşemi Qolpayeqani bildirib.
İş ABŞ-nin bullyoz epidermoliz xəstəliyindən əziyyət çəkən insanlara qarşı tətbiq edilən sanksiyaları ilə əlaqədardır.
Qolpayeqaninin sözlərinə görə, "kəpənək xəstəliyi" kimi tanınan bullyoz epidermoliz xəstəliyindən əziyyət çəkən pasiyentlər üçün xüsusi sarğı materiallarının tədarükünə təsir göstərən sanksiyalara qarşı hüquqi tədbirlərə "EB Evi" 2018-2019-cu illərdə başlayıb.
2021-2022-ci illərdə xəstələrin ailələri məhkəmə orqanlarına müraciət ediblər. Qolpayeqani bildirib ki, aidiyyəti qurumlar, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusu və ordu strukturlarının iştirakı ilə işə ciddi yanaşılıb.
İş çərçivəsində neft yükünün həbs olunduğu bildirilir. Məqsəd məhkəmə tərəfindən müəyyən edilən zərərin əvəzini xəstələrin xeyrinə tutmaq və vəsaiti qanunvericiliyə uyğun şəkildə onların arasında bölüşdürmək olub.