Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada populyar VPN xidmətləri bloklanıb

Rusiyanın "Roskomnadzor" xidməti ölkədə VPN xidmətlərinə qarşı genişmiqyaslı bloklama aparıb. 20-dən çox populyar hostinq provayderinin IP ünvanları məhdudlaşdırılıb. Bu barədə "Eksployt" və "Agentstvo" Telegram kanalları məlumat yayıb.

"Amnezia", "Paper VPN" və digər VPN xidmətlərinin istifadəçiləri texniki problemlərdən şikayət ediblər. İnternetin Müdafiəsi Cəmiyyətinin direktoru Mixail Klimaryov bildirib ki, "Roskomnadzor" Rusiya İT şirkətlərinin köməyi ilə bloklamaları aşmaq üçün istifadə olunan onlarla avtonom şəbəkə sistemini aşkarlayaraq onlara çıxışı məhdudlaşdırıb.

Korrupsiya ilə Mübarizə Fondunun siyasi layihələr üzrə rəhbəri Leonid Volkov bloklamaları sentyabrda keçiriləcək Rusiya seçkiləri ilə əlaqələndirib.

""Roskomnadzor" populyar VPN xidmətlərinin istifadə etdiyi IP ünvanlarından ibarət bazanı kifayət qədər tez toplaya bildi. Topladı, topladı və seçkilər yaxınlaşanda zərbə endirdi", – Volkov yazıb.

Onun sözlərinə görə, VPN xidmətləri yeni IP ünvanları istifadəyə verə bilərlər, lakin belə hücumlar təkrarlana bilər.

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra ölkədə faktiki hərbi senzura tətbiq olunub, yüzlərlə internet saytı bloklanıb. 2025-ci ildən Rusiyada mobil internetin kütləvi kəsilməsi, "WhatsApp" və "Telegram" kimi populyar mesajlaşma platformalarının bloklanması halları da müşahidə olunur.

Hakimiyyət VPN xidmətlərinə qarşı mübarizəni də gücləndirib, indiyədək 400-dən çox belə xidmət bloklanıb. Rusiya rəsmiləri VPN-dən istifadənin rəsmən qadağan edilmədiyini bildirsələr də, "Roskomnadzor" 2030-cu ilədək ölkədə bloklamaları aşmağa imkan verən xidmətlərin 92 faizini bloklamağı hədəf qoyub.