Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada namaza görə cərimələr

Moskvada taksi sürücüsü işləyən bir çeçen yol polisinin bölməsi yaxınlığında namaz qıldığına görə cərimələnib. Onu videoya çəkiblər, bir neçə həftə sonra qanunsuz missionerlik fəaliyyəti maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub. AzadlıqRadiosunun "Kavkaz.Realii" portalı Rusiyada müsəlmanların dini ayinlərin icrasına görə üzləşdiyi təqibləri ekspertlərlə müzakirə edib.

İyulun əvvəlində çeçen taksi sürücüsünə inzibati iş açıldığı barədə ksenofob və millətçi "Etnoprestupnost" Telegram kanalı məlumat yayıb. Sürücü yaxınlıqda namaz qılmaq üçün yer tapa bilmədiyindən avtomobili yolun kənarında saxlayaraq xalçasını asfaltın üstünə sərib namaza başlayıb. Yoldan keçən şəxs onu videoya çəkib və Ekstremizmə Qarşı Mübarizə Mərkəzinə şikayət edib.

İki həftə sonra sürücünü saxlayıb prokurorluğa aparıblar. O deyib ki, yaxınlıqda namaz qılmaq üçün xüsusi yer olmadığından namazını küçədə qılmağa məcbur qalıb. İş məhkəməyə göndərilib və o, 5 min rubl cərimələnib.

Qanunsuz missionerlik fəaliyyəti maddəsi inzibati qanunvericiliyə 2016-cı ildə qəbul olunmuş və "Yarov paketi" kimi tanınan dəyişikliklərdən sonra daxil edilib. Həmin dəyişikliklə "missionerlik" anlayışı geniş şərh olunub, xüsusi ayrılmış məkanlardan kənarda dini təbliğat faktiki qadağan edilib. Pozuntuya görə yüksək məbləğdə cərimələr nəzərdə tutulur.

Bu dəfə Kadırov səsini çıxarmayıb

Çeçenistan hakimiyyəti bu hadisəyə münasibət bildirməyib. Baxmayaraq ki respublika başçısı Ramzan Kadırov özünü "müsəlmanların müdafiəçisi" kimi təqdim edir, əvvəllər oxşar hallara müdaxilə edib. 2025-ci ildə Stavropol diyarının Andropov rayon administrasiyası təşkilat rəhbərlərinə ictimai yerlərdə namaz qılmağın yolverilməzliyi barədə məktub göndərmişdi. O zaman Kadırov bunu "açıq diskriminasiya və hüquqi özbaşınalıq" adlandırmış, küçədə namaz görmək istəməyən region rəhbərlərinə daha çox məscid tikməyi tövsiyə etmişdi. Sonradan həmin sənəd geri götürülmüş, regional hakimiyyət namaza görə qadağa və cərimələrin olmadığını bəyan etmişdi.

Siyasi şərhçi Ruslan Aysinin fikrincə, bu dəfə Çeçenistan rəhbərliyinin susması qəribədir: "Əgər Kadırov özünü islamın müdafiəçisi sayırsa, öz həmvətənini müdafiə etməli, bunun qəbuledilməz olduğunu deməli idi. Amma görürük ki, belə hallarda Kadırov və onun ətrafı ya susur, ya da çox dolaşıq açıqlamalar verir".

Polis qanunsuz missionerlik maddəsindən istifadə edir

Hüquq müdafiəçisi Aleksandr Çerkasov deyir ki, əvvəllər Rusiyada əsas hədəf müsəlmanlar idisə, Ukraynaya qarşı işğalçı müharibədən sonra diqqət ukraynalılara yönəlib. Onun sözlərinə görə, bəzi polis əməkdaşları hələ də köhnə yanaşmalara sadiq qalaraq "qanunsuz missionerlik" maddəsini tətbiq edirlər.

2025-ci il ərzində yalnız Şimali Qafqaz Federal Dairəsində polis "qanunsuz missionerlik" maddəsi ilə 22 inzibati protokol tərtib edib. Bu maddə şəxsi dini fəaliyyətlərə də tətbiq olunur.

Tuapse şəhər məhkəməsi Tacikistan vətəndaşları Samariddin Səliyev və Cəlili Səidzadəni islam haqqında söhbətlər etdiklərinə görə təqsirli bilib. Onların hər biri 30 min rubl cərimələnib və Rusiyadan çıxarılmasına qərar verilib.

2025-ci ilin yayında Samaranın Krasnoqlinsk rayon məhkəməsi yerli müsəlman dini icmasının sədri İldar Minxametovu 50 min rubl cərimələyib. İstintaqın versiyasına görə, o, 40 nəfərin eyni vaxtda piyada yolunda toplaşmasını təşkil etməklə piyadaların hərəkətinə mane olub. Yerli sakinlər sosial şəbəkələrdə bunu "miqrantların kortəbii namazgahı" adlandırmışdılar.

Moskvada cəmi dörd məscid var

R.Aysinin fikrincə, hakimiyyət əslində Rusiyanın dövlət sisteminə inteqrasiya olunmayan müsəlman icmalarını hədəfə alır. O, bu il Rusiya Müsəlmanları Ruhani İdarəsinin bəzi müftilərinin həbsini yada salır. Aysin Moskvada cəmi dörd məscidin fəaliyyət göstərdiyini söyləyir: "Halbuki müsəlman gündə beş dəfə namaz qılmalıdır. Bunu harada etsin? Belə hallar getdikcə artacaq və istər-istəməz "ayıq-sayıq" vətəndaşların diqqətini çəkəcək".

Onun fikrincə, qanunsuz missionerlik maddəsinin bu cür tətbiqi hüquqi baxımdan əsassızdır: "Şəxsi qaydada namaz qılan insanı "missioner" adlandırmaq mümkün deyil. Amma, görünür, qanunu belə yazmaq hakimiyyət üçün daha rahat olub. Başqasının yanında bir neçə ərəb sözü dedinsə, artıq bunu missionerlik kimi qiymətləndirirlər".

"Namaz, digər dini ayinlər, mənzildə toplantılar yalnız sertifikatlı imamın iştirakı ilə keçirilə bilər. Bu, tamamilə absurddur. Üstəlik, hakimiyyətin "ənənəvi islamı dəstəkləyirik" bəyanatlarına da ziddir. Əslində, söhbət məhz xalq islamından gedir. Sonucda onlar bu ənənəni dağıdır, insanları radikal mühitə itələyirlər. Halbuki guya bütün bu tədbirlər elə radikallaşmanın qarşısını almaq üçün qəbul olunur", – Aysin vurğulayır.