Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada müxalifətçi qiyabi olaraq 6 il həbsə məhkum edilib

Rusiyanın İkinci Qərbi Dairə Hərbi Məhkəməsi müxalifətçi Leonid Qozmanı qiyabi olaraq 6 il həbs cəzasına məhkum edib. Siyasətçi xarici nəşrə müsahibəsində terrorçuluğa haqq qazandırmaqda təqsirli bilinib. Xəbəri "Mediazona"nın müxbiri məhkəmə zalından verib.

Qozman barədə ordu haqqında "saxta məlumatlar" işi üzrə daha öncə də qiyabi hökm çıxarılmışdı. Bu hökm də nəzərə alınmaqla, ona ümumilikdə 10 il azadlıqdan məhrumetmə cəzası kəsilib. Prokurorluq terrorçuluğa haqq qazandırma maddəsi üzrə 6 il, ümumilikdə isə 11 il tələb etmişdi.

Siyasətçiyə ittiham onun "Bild на русском" nəşrinə müsahibəsi ilə əlaqədar verilib. İstintaqın versiyasına görə, müsahibədə o, Moskvaya PUA hücumlarını və Krım körpüsünün partladılmasını alqışlayıb. Vəkillər Qozmana bəraət tələb edirdilər.

Siyasətçi 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra ölkəni tərk edib. 2024-cü ildə onun həyat yoldaşı Marina Yeqorova Moskvada saxlanılıb və mədəni dəyərlərin qaçaqmalçılığı maddəsi ilə ittiham olunub. O, Rusiyadan ona miras qalmış yemək dəstlərini aparmaq istəyirdi. Yeqorova bir ildən çox ev dustaqlığında qalıb. Noyabrın əvvəlində Qozman onun Rusiyanı qanuni şəkildə tərk etdiyini bildirib.