Rusiya yanacaq çatışmazlığı fonunda Hindistandan benzin idxal etməyə başlayıb
13 Avqust 2026
Rusiya Ukrayna Silahlı Qüvvələrinin ölkənin neft emalı zavodlarına zərbələr endirməsi nəticəsində yaranan yanacaq çatışmazlığı fonunda Hindistandan avtomobil yanacağı idxal etməyə başlayıb.
Bu barədə "Bloomberg" "Kpler"in məlumatlarına istinadən bildirib.
Məlumata görə, avqustun əvvəlində "Nayara Energy" şirkətinin Vadinar şəhərindəki neft emalı zavodundan Rusiyaya 42 min ton benzin partiyası göndərilib.
"Bloomberg"in məlumatına görə, benzin partiyası iyunun ortalarında Rusiya bayrağı altında üzən tankerə yüklənərək Misirə göndərilib. Orada yanacaq Oman bayrağı altında üzən gəmiyə yüklənib və daha sonra Rusiyaya yola düşüb. Partiya ölkəyə avqustun 5-də çatıb.
"Kpler" qeyd edib ki, tədarüklər Rusiyanın daxili bazarında cari benzin çatışmazlığının miqyasını, həmçinin neft emalı zavodlarında emal həcminin azalmasının Rusiyanın neft məhsullarının ənənəvi ticarət marşrutlarını dəyişdirdiyini göstərir.
"Bloomberg"in istinad etdiyi "EA Analytics"in qiymətləndirmələrinə görə, iyul ayında Rusiyada sutkada 3,6 milyon barel neft emal edilib ki, bu da mövsümi orta göstərici ilə müqayisədə 30 %-dən çox aşağıdır.
Ukrayna Silahlı Qüvvələrinin neft emalı zavodlarına hücumlarının səbəb olduğu yanacaq çatışmazlığı digər bazarlara da təsir göstərir. Bu ilin əvvəlində Rusiya daxili bazarı lazımi həcmlərlə təmin etmək üçün dizel yanacağının ixracına qadağa qoyub. Bu, Yaxın Şərqdəki neft emalı zavodlarının zədələnməsi və Hörmüz boğazının bağlanması səbəbindən təklifin azalmasını daha da kəskinləşdirib.
Sonradan dizel yanacağının ixracına qoyulan qadağanın qüvvədə olma müddəti ilin sonuna qədər uzadılıb.