Rusiya Ukraynada geri oturdulur
05 Mart 2026
Rusiya qüvvələri Ukraynada ən azı son iki ildə ilk dəfə ərazi itirib, Ukrayna qüvvələri kiçik uğur qazanır, Rusiya qoşunlarını geri oturdur. Bunu döyüş ekspertləri, açıq mənbələrlə işləyən tədqiqatçılar deyirlər.
Ancaq Ukrayna ordusu ilə əlaqəli "DeepState" açıq mənbə qrupu və Finlandiyanın "Black Bird Group" araşdırma qurumu bildirir ki, müharibədə durum tamamilə Ukraynanın xeyrinə dəyişməyib. Bu arada Rusiyanın beşinci ilə keçmiş müharibəsinin, demək olar, dalana dirənməsi üzrə konsensus da artır: Moskva qəti şəkildə hədəflərinə çata, Kiyev isə işğalçı qüvvələri ölkədən çıxara bilmir.
AzadlıqRadiosunun beynəlxalq məsələlər üzrə aparıcı müxbiri Mayk Ekkel Rusiyanın 1 min 100 kilometrlik cəbhə xəttinin böyük hissəsində cüzi üstünlüyünü hələ də saxladığını yazır. Məsələn, bir illik ağır kampaniyadan sonra Pokrovsku, demək olar, tam ələ keçiriblər. Ən şiddətli döyüşlər hazırda şəhərin şimal ucqarlarında gedir. Ukrayna hələ şəhərin itirildiyini rəsmən təsdiqləməyib.
Metrlə irəliləmə
Di gəl, Rusiya tədricən irəliləyir. Hətta belə dəyərləndirmələr də var ki, Rusiya qüvvələri, Birinci Dünya müharibəsindəki kimi, metrlərlə irəli gedirlər.
Ukrayna qüvvələri isə əldən düşüb, sayları azdır, bir çox yerlərdə silah baxımından geri qalırlar. Cəbhənin bəzi yerlərində müdafiə xətləri zəifdir deyə, Rusiya qoşunları motosikletlərlə, digər yolsuzluq nəqliyyat vasitələri ilə Ukraynanın mövqelərini yara bilirlər. Çox vaxt da ağır itkilər verirlər.
Bununla belə, Kiyev Rusiyanın ağır itkilər verməsinə, həm də indi müəyyən əraziləri geri almağa nail olub. Ukraynanın baş komandanı general Oleksandr Sırski martın 2-də bunu xüsusi vurğulayıb.
"Kursk əməliyyatından bəri ilk dəfə olaraq, 2026-cı ilin fevralında Ukraynanın Müdafiə Qüvvələri düşmənin ələ keçirə bildiyindən daha çox əraziyə nəzarəti bərpa edib", – o, Facebook postunda yazıb.
Rusiyanın tempinin düşməsi
Ötən il Ukrayna qoşunları Xarkov vilayətindəki Kupyansk şəhərini tam geri alıblar. Onlar Rusiya hərbçilərinin istifadəsiz yeraltı boru xətləri vasitəsilə müdafiə xətlərini gizli keçmək cəhdlərinin qarşısını ala biliblər. Ukrayna rəsmiləri hazırda şəhərdə Rusiya mövqelərinin son ocaqlarını təmizləmək üçün əməliyyatlar apardıqlarını bildirirlər.
Yanvar və fevralda Ukrayna qoşunları əsasən Dnepropetrovsk və Zaporojye vilayətlərinin cənub hissələrində kiçik, lokal əks-hücumlar gerçəkləşdiriblər; bu ərazilərdə Rusiyanın əməliyyat tempi nisbətən zəif olub.
"DeepState" qeyd edir ki, Rusiya qoşunları ötən ay 126 kvadrat kilometr ərazi ələ keçirib. Bu, 2024-cü ilin iyulundan bəri ən aşağı aylıq göstəricidir.
"Black Bird Group" isə bildirir ki, Rusiya yanvardan təxminən 37 kvadrat kilometr ərazi itirib.
Bu, 2023-cü ilin noyabrından bəri Rusiya qüvvələrinin ilk xalis ərazi itkisi ola bilər. Həmin il Ukrayna əks-hücuma keçirmişdi, amma həlledici zərbə endirə bilməmişdi.
Səbəblər
M.Ekkel yazır ki, döyüş meydanındakı dəyişikliklərin səbəbləri müxtəlif ola bilər. Bir çox ekspertlərin fikrincə, builki qışın daha soyuq keçməsi hər iki tərəfin sürətli hərəkət, genişmiqyaslı hücum imkanlarını məhdudlaşdırıb.
Üstəlik, "Starlink" peyk internetinin kəsilməsi Rusiya qüvvələrinə təsirsiz ötüşməyib. Bunu "Black Bird Group"un həmtəsisçisi, finlandiyalı təhlilçi Emil Kastehelmi deyir.
Digər yandan, Ukrayna son əks-hücumlarını Qulyaypole şəhəri və Qayçur çayı yaxınlığındakı açıq ərazilərdə gerçəkləşdirib; burada qüvvələr nisbətən asan və sürətli hərəkət edə biliblər.
"Nisbətən böyük ərazilər asanlıqla əl dəyişə bilər. Bir neçə yüz kilometr digər yerlərdəki kimi əhəmiyyətli deyil, başqa yerdə daha ciddi təsiri olardı", – Kastehelmi AzadlıqRadiosuna bildirib.
Kastehelmi bunun izahının tək bir amillə bağlı olmadığını deyir: "Amma bu, ümumi tendensiyada anomaliya kimi qəbul edilməlidir. Ruslar yaz və yay aylarında irəliləməyə başlaya bilərlər, Ukrayna qüvvələrinin digər istiqamətlərdə bu cür genişmiqyaslı əks-hücumları davam etdirməsi çətin olacaq".