Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya NATO ilə sərhədini boş buraxıb - Bütün texnika Ukraynadadır - FOTOLAR

Rusiyanın Finlandiya və Norveç sərhədi yaxınlığındakı qarnizonları və quru qoşunlarının hərbi hissələri, demək olar, boşdur.

Bu barədə Finlandiya Yayım Şirkətinə (Yle) xəbər verir.

“Orta hesabla, texnika və əsgərlərin 80 faizi Ukraynadakı müharibəyə göndərilib”, – Finlandiya hərbi kəşfiyyatının nümayəndəsi yayım şirkətinə açıqlayıb.

Eyni zamanda, NATO sərhədlərində Rusiyanın aerokosmik qüvvələri, hava hücumundan müdafiə və donanması tam komplektləşdirilib. Beləliklə, Finlandiya kəşfiyyatına görə, Sankt-Peterburqun səması hələ də nisbətən qorunur.

Quru qoşunların birləşmələrinə gəlincə, Rusiyanın şimalındakı bəzi hərbi hissələr 20 faizdən bir qədər çox komplektləşdirilib, digərlərində isə çağırışı zamanı saydakı dəyişiklikləri nəzərə almasaq, daha az şəxsi heyət qalıb.

Kəşfiyyat məlumatlarına görə, çağırışçıların komandirləri bu birləşmələrdə qalsa da, qalan müqaviləli hərbçilər müharibəyə yollanıblar.

Norveç kəşfiyyatının 2024-cü il üçün hesabatında da Kola yarımadasında Rusiya quru qüvvələrinin sayının 80 faiz azaldılmasından bəhs edilirdi. Kəşfiyyat analitikləri hesab edirlər ki, Ukraynada müharibə bitdikdən sonra Rusiyanın şimalındakı birləşmələrin döyüş səmərəliyini bərpa etmək üçün 3-5 il vaxt lazımdır.

Hələ 2022-ci ilin sentyabrında “Foreign Policy” Finlandiya və Baltikyanı ölkələrin sərhədləri yaxınlığında Rusiya Silahlı Qüvvələrinin çatışmazlığını 80 faiz qiymətləndirirdi. Halbuki o zaman Finlandiya və İsveç NATO-nun üzvü deyildilər.

Rusiya hərbi birləşmələrinin 2024-cü ilin may ayına aid peyk şəkilləri aşağıdakı dəyişiklikləri göstərir:

– Petrozavodskda texnika anbarında 1 250 m² sahəsi olan yeni təmir sexi tikilib. Orada bərpa etmək və cəbhəyə göndərmək üçün eyni vaxtda 50-yə qədər zirehli maşın saxlanıla bilər. Eyni yerdə əvvəllər texnikaların saxlanması üçün sahə var idi.

– Petrozavodskun şimalındakı Şuyada müharibədən öncə 200-ə yaxın zirehli texnika, həmçinin artilleriya və yük maşınları yerləşdirilmişdi. Bu baza da boşdur.

– Kareliya bərzəxindəki Kamenkada Rusiya Silahlı Qüvvələrinin Finlandiya istiqamətində əsas taktiki bölməsi olan 138-ci motoatıcı briqadasının poliqonu var. Aprelin sonunda orada 2 000 əsgər üçün çadır şəhərciyi ortaya çıxıb. “Yle” analitiki Marko Eklundun fikrincə, bu, döyüşçülər üçün Ukraynaya göndərilməzdən əvvəl keçirilən təlim-məşq toplanışıdır.

– Avqust ayında Pskov aerodromunda Ukrayna dronlarının kütləvi hücumundan sonra Aerokosmik Qüvvələri 24 nəqliyyat təyyarəsindən 21-ni başqa yerə köçürmək məcburiyyətində qalıb.

Xatırladaq ki, daha əvvəl Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) cari ilin əvvəlində dünyada 2,1 min nüvə başlığının yüksək hazırlıq vəziyyətində olduğunu bildirib.