Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Müdafiə Nazirliyinin daha bir generalı saxlanılıb

Rusiya Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsinin rəisi general-leytenant Yuri Kuznetsov saxlanılıb.

Bu barədə TASS-a ölkənin hüquq-mühafizə orqanlarındakı mənbəsi bildirib.

“General-leytenant Kuznetsov cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. İşin istintaqı Rusiya Federasiyası İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi tərəfindən aparılır. Artıq müstəntiq general barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edib”, – agentliyin həmsöhbəti açıqlayıb.

Eyni zamanda,"BAZA" teleqram kanalı mayın 13-də 235-ci Qarnizon Hərbi Məhkəməsinin mətbuat xidmətinin Kuznetsov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı material dərc etdiyinə diqqət çəkib. Məhkəmə iclası saat 18:25-də baş tutub, məhkəmənin qərarı bəlli deyil.

Qeyd edək ki, Kuznetsov daha əvvəl Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Səkkizinci İdarəsinə (Dövlət Sirlərinin Mühafizə Xidmətinə) başçılıq edib.

Xatırladaq ki, daha əvvəl Rusiya müdafiə nazirinin müavini Timur İvanov həbs olunmuşdu.