Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya dizeli ABŞ-yə çatmadı, amma Moskva "yeni alıcılar tapır"

Rusiya dizeli daşıyan bir neçə tanker əvvəlcə ABŞ-yə yollansa da, amerikalı alıcı tapa bilmədiyi üçün istiqamətini dəyişib.

Oktyabrın əvvəlində Maliyyə Nazirliyi Rusiya dizelinə qoyulan sanksiyaları müvəqqəti ləğv edib. Bu addım ABŞ-də dizel yanacağının kəskin bahalaşması fonunda atılıb. Bundan az sonra Ukrayna hakimiyyəti Rusiya dizeli daşıdığı və ABŞ limanlarına yollandığı ehtimal edilən səkkiz tankeri izləməyə başlayıb.

Ancaq tankerlərdən heç biri ABŞ sahillərinə yan ala bilməyib. Buna konqresmenlərin, maliyyə qurumlarının və liman rəhbərliklərinin müqaviməti səbəb olub.

"Ardıcıllıq vacibdir"

Ukraynanın sanksiya siyasəti üzrə baş rəsmisi Vladislav Vlasyuk yüklərin ABŞ-yə çatmadığına görə məmnunluğunu ifadə edib. O, noyabrın 12-də AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğluna müsahibəsində xəbərdarlıq edib ki, gəmilər hələ də dənizdədir və özlərinə başqa müştəri axtaracaqlar.

"Monitorinqimiz göstərir ki, ABŞ-yə üz tutan bir neçə tanker kursunu dəyişərək Aralıq dənizinə yönəlib, Baltik dənizində isə yeni tankerlərə dizel yüklənib. Yəni yük yoxa çıxmayıb, sadəcə başqa alıcı axtarır. Əsl qələbə Rusiyanın satdığı hər barel və hər ton yanacaqdan daha az gəlir götürməsidir", – Vlasyuk vurğulayıb.

Ukraynalı rəsmi hesab edir ki, baş verənlər sanksiyaların təkcə hökumət qərarlarından ibarət olmadığını göstərir. Belə ki, bu prosesdə riskləri hesablayan bankların, sığorta şirkətlərinin, treyderlərin və liman operatorlarının da böyük rolu var: "ABŞ "Rosneft" və "Lukoil"a sanksiya qoyanda Rusiya xam neftinə edilən endirimlər bir neçə günə artdı. Bazar sərt tədbirlərə dərhal reaksiya verir. Eyni zamanda, təzyiqin yumşaldığına dair siqnallara da həssas yanaşır. Buna görə də ardıcıllıq çox vacibdir", – o əlavə edib.

Rusiyanın sanksiyalardan itirdikləri

Vlasyuk deyir ki, sanksiyalar Rusiyaya ciddi maliyyə itkiləri yaşadır. Çünki istiqaməti dəyişən hər bir yük daha uzun dəniz yolu, daha baha daşınma xərcləri, əlavə vasitəçilər və daha böyük endirimlər deməkdir. Bütün bunlar isə Rusiyanın qazancını azaldır: "Sanksiyalar ticarəti nadir hallarda tamamilə dayandırır. Onlar ticarəti ləngidir, onu daha baha və daha az gəlirli edir. Zaman keçdikcə bunun ümumi təsiri daha çox hiss olunur".

Ukrayna rəsmisi sanksiyaların nəzarət olan yerdə işlədiyini bildirir. Onun sözlərinə görə, 2025-ci ildə Rusiyanın neft və qaz satışından gələn büdcə gəlirləri təxminən 25 faiz azalıb. Mərkəzi Bankın təxminən 300 milyard dollarlıq ehtiyatları isə hələ də dondurulmuş qalır.

Bununla belə, Rusiya da sanksiya şəraitinə sürətlə uyğunlaşır: ölkə daxilində istehsala keçir, yeni təchizatçılar və marşrutlar tapır.

"Rusiya silahlarında hələ də Qərb istehsalı olan elektron detallar tapılır. Təkcə "Qeran-4" dronlarında yeddi ölkəyə məxsus 55-ə yaxın xarici komponent var. Bizim axsadığımız əsas sahə sanksiyaların icrasıdır: vasitəçilərə qarşı çox az cinayət işi açılır, qərarların elan edilməsi ilə onların tətbiqi arasında isə həddindən artıq vaxt itirilir".