CENTCOM: İran Bəhreyndə ABŞ radarını vurmayıb
14 Noyabr 2026
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Bəhreyndə ABŞ ordusuna məxsus erkən xəbərdarlıq radarını vurması ilə bağlı iddiasını təkzib edib.
"SEPAH Bəhreyn istiqamətində iki kamikadze dron buraxıb, ABŞ qüvvələri isə onların hər ikisini zərərsizləşdirib. Xəsarət alan olmayıb, heç bir ziyan dəyməyib", – CENTCOM-un açıqlamasında bildirilir.
SEPAH isə bu hücumun Hörmüz boğazı yaxınlığındakı Sirik liman şəhərinə gecə endirilən zərbəyə cavab olduğunu bəyan edib. Qurum bunu Hörmüzdə "hava təxribatlarını və neft qaçaqmalçılığını dayandırmaq məqsədilə təcavüzkar düşmənə ciddi xəbərdarlıq" kimi qiymətləndirib.
CENTCOM açıqlamasında Sirik şəhərinə hücum iddialarına münasibət bildirməyib.
"İranla razılaşmaya ehtiyacımız yoxdur"
Sirik şəhərində İranın Hörmüz boğazına nəzarət edən radar və rabitə şəbəkəsinin bir hissəsi yerləşir. Fevralın 28-də ABŞ və İsrailin İrana zərbələri başlayandan bəri şəhər dəfələrlə hücuma məruz qalıb.
Tehran bundan əvvəl də oxşar hücumlara cavab olaraq Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının yerləşdiyi obyektlərə zərbələr endirib.
Bu zərbələrdən bir gün əvvəl ABŞ prezidenti Donald Tramp Vaşinqtonun artıq Tehranla razılaşmaya ehtiyacı olmadığını bəyan edib.
"İranla razılaşmaya ehtiyacımız yoxdur. O günlər çoxdan geridə qalıb. Onların yüz milyardlarla dollarına və boğazlarına da biz nəzarət edirik!", – Tramp noyabrın 12-də "Truth Social" platformasında yazıb.
Tramp paylaşımında onu da bildirib ki, vitse-prezident Cey Di Vensə bütün diqqətini demokratların idarə etdiyi şəhər və ştatlardakı korrupsiya və cinayətkarlıq məsələlərinə yönəltməyi tapşırıb. Halbuki Vens aylardır ABŞ-nin İranla nüvə danışıqlarını yenidən başlatmaq səylərinə rəhbərlik edirdi.
Bundan əvvəl "The Wall Street Journal" qəzeti Vensin İranın yüksəkvəzifəli təhlükəsizlik rəsmisi ilə üzbəüz danışıqlar aparmağı nəzərdən keçirdiyini yazmışdı.
"Nə müharibə, nə də danışıqlar" siyasəti
ABŞ-də yaşayan milli təhlükəsizlik analitiki Şayan Samii AzadlıqRadiosunun fars xidmətinə bildirib ki, Tramp, görünür, "nə müharibə, nə də danışıqlar" siyasəti yürüdür
"Tramp indi hərbi müdaxilənin ona verə bilməyəcəyi nəticəni iqtisadi təzyiq vasitəsilə əldə etməyə çalışır. Bununla belə, o, hərbi müdaxilə variantını da gündəmdən çıxarmayıb", – Samii vurğulayıb.
Təhlilçinin fikrincə, Vensin prosesdən kənarlaşdırılması Trampın müharibə məsələsini dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqsetə həvalə etdiyini göstərir.
Samii həmçinin bildirib ki, Tehrandan gələn ziddiyyətli mesajlar İranın etibarlılığına xələl gətirir.
"Xarici işlər naziri Abbas Əraqçi danışıqlara hazır olduqlarını deyir, amma təhlükəsizlik rəsmisi Möhsün Rzayi Amerika yeddi şərtimizi qəbul etməyənədək danışıqların olmayacağını bildirir", – təhlilçi əlavə edir. Onun qənaətincə, bu halda dünya liderləri İslam Respublikasında etibar edilə biləcək vahid qərarverici şəxsin olmadığı nəticəsinə gəlirlər.
İranın şərtlərinə ABŞ-nin İrana qarşı dəniz blokadasına son qoyması, ölkənin dondurulmuş aktivlərinin qaytarılması və bütün cəbhələrdə döyüşlərin dayandırılması daxildir. Rzayi israr edir ki, danışıqların bərpası və ya Hörmüz boğazının yenidən açılması üçün Vaşinqton Tehranın tələblərini qəbul etməlidir.
Noyabrın 12-də İran ordusu Hörmüz boğazının şərqində iki neft tankerinin dəniz minalarına toxunaraq alovlandığını açıqlayıb. İran tərəfi gəmilərin qadağan olunmuş və təhlükəli zonaya daxil olduğunu iddia edib.